“Qarabağ” – “Sevilya” görüşünün hakimləri bəlli oldu
UEFA Avropa Liqasının qrup mərhələsinin "Qarabağ” – "Sevilya” görüşünün hakimləri müəyyənləşib.
Sfera.az oxu.az-a xəbər verir ki, sentyabrın 19-da Bakıda baş tutacaq görüşü ukraynalı Yevgeni Aranovskinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Aranovski artıq iki dəfə Bakıda olub. Onun idarə etdiyi iki görüşün ikisində də komandalarımız məğlubiyyətlə üzləşib. Belə ki, 2014-cü ilin noyabrın 16-da millimiz Avro-2016-nın seçə mərhələsində Norveçə 0:1 məğlub olub.
Bundan iki il sonra "Qəbələ” Belçikanın "Anderlext” komandasına 1:3 hesabı ilə uduzub. Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan ikinci görüşdə o, Qəbələ klubunun xeyrinə iki penalti təyin edib.
"Qəbələ”nin braziliyalı futbolçusu Rikardinyo 11-ci dəqiqədə penalti qolu ilə hesabı bərabərləşdirsə də, 74-cü dəqiqədə komandamızın hesabda önə çıxmaq şansını qaçırıb. Hazırda "Sabah” klubunda çıxış edən Rəşad Eyyubov isə 89-cu dəqiqədə meydandan qovulub (ikinci sarı vərəqə).
Aranovski "Qarabağ”ın oyununu idarə etməsə də, bir dəfə "Sevilya”nın matçında baş hakim funksiyasını icra edib. Bu oyun 2013-cü ilin avqustun 8-də Avroliqanın III təsnifat mərhələsi çərçivəsində baş tutub. Həmin vaxt "Sevilya” Monteneqronun paytaxtı Podqoritsada "Mladost”u 6:1 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:55-də başlayacaq görüşdə Yevgeni Aranovskinin köməkçiləri Syomen Şlonçak, İqor Alyoxin və Yaroslav Kozık olacaq.