“Mançester Yunayted” - “Sabah”: Masazır klubunu nə gözləyir?

Bu gün UEFA Çempionlar Liqasında Azərbaycan futbolu üçün xüsusi əhəmiyyət daşıyan qarşılaşma keçiriləcək. Azərbaycan çempionu “Sabah” turnirin əsas mərhələsində ilk oyununa çıxacaq və İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşacaq.
Görüş İngiltərədəki “Old Trafford” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matç “Sabah” üçün klub tarixinin ən ciddi sınaqlarından biri hesab olunur. Komanda tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparır.
Sfera.az xəbər verir ki, “Sabah” bu mərhələyə asanlıqla gəlməyib. Azərbaycan çempionu Çempionlar Liqasının təsnifat mərhələsində bir neçə mərhələni keçərək əsas mərhələyə yüksəlib.
Komanda pley-offda İsrailin “Hapoel Beer Sheva” klubunu ümumi hesabda 6:4 məğlub edib. İndi isə rəqib daha fərqlidir. Qarşı tərəfdə Avropanın ən tanınmış klublarından biri olan “Mançester Yunayted” var.
İngiltərə təmsilçisi ikiillik fasilədən sonra Çempionlar Liqasına qayıdıb. Komandanın baş məşqçisi Maykl Kerrik turnirdə uğurlu başlanğıc etmək və mümkün qədər irəli getmək istədiklərini bildirib.
“Mançester Yunayted” favoritdir, amma…
Proqnozlara əsasən, “Mançester Yunayted” açıq-aşkar favoritdir. İngiltərə klubunun heyətinin dəyəri ilə “Sabah”ın heyəti arasında böyük fərq var. Bundan başqa, Mençester klubu evdə keçirdiyi son oyunlarda kifayət qədər yaxşı nəticələr göstərib. Komandanın son 10 ev matçında 9 qələbəsi var.
Lakin İngiltərə klubunun mövsümə ideal başlamadığını da qeyd etmək lazımdır. “Mançester Yunayted” Premyer Liqada ilk üç turdan sonra 4 xal toplayıb. Komanda “Hull City”yə uduzub, “İpsviç” üzərində qələbə qazanıb, son turda isə “Everton”la 2:2 hesablı heç-heçə edib.
Bu isə “Sabah”a müəyyən ümid verir.
“Sabah” necə oynaya bilər?
Azərbaycan təmsilçisinin əsas məqsədinin ilk dəqiqələrdən müdafiəyə çəkilmək deyil, oyunun müəyyən hissələrində topa nəzarət etmək və əks-hücumlarda rəqibin müdafiəsində boşluqlar yaratmaq olacağı gözlənilir.
“Sabah”ın son təsnifat oyunlarında hücum baxımından təhlükəli olduğunu göstərməsi də diqqət çəkir. Komanda pley-off mərhələsində “Hapoel Beer Sheva” ilə iki oyunda ümumilikdə 6 qol vurub.
Bununla belə, “Old Trafford”da oynamaq və Çempionlar Liqasının atmosferinə ilk dəfə çıxmaq futbolçular üçün ciddi psixoloji sınaq olacaq.
“Mançester Yunayted”in qarşılaşmadan cəmi üç gün sonra “Mançester Siti” ilə derbi oyunu var. Buna görə Kerrikin bəzi futbolçuların fiziki vəziyyətini nəzərə alması və heyətdə dəyişikliklər etməsi mümkündür. Komandanın sol cinah müdafiəçisi Lyuk Şou da son məşqdə iştirak etməyib.
Bu amil “Sabah”ın şanslarını müəyyən qədər artıra bilər. Çünki “Yunayted”in bütün diqqətini 90 dəqiqə ərzində yalnız bu oyuna yönəltməsi sual altındadır.
Ümumi güc nisbətinə görə “Mançester Yunayted”in qələbəsi daha real görünür. Lakin “Sabah”ın əsas məqsədi yalnız nəticə deyil, belə böyük səhnədə özünü göstərmək və mümkün qədər uzun müddət oyunda qalmaq olacaq.
Xarici futbol ekspertlərinin bir qismi “Mançester Yunayted”in 3:0 hesablı qələbəsini proqnozlaşdırıb. Digər proqnozlarda isə ingilislərin 3-4 qolluq üstünlüyü qeyd olunub.
Bəsti Rəfizadə





