Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya - AFFA-dan ağır cəza

Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb.
Sfera.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə “Sumqayıt” klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib.
Sözügedən turda baş tutan “Qarabağ” – “Şamaxı” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan qonaq komanda 700 manat cərimələnib.
Qeyd edək ki, Səbuhi Abdullazadə “Neftçi” ilə matçda qırmızı vərəqə alıb meydandan çıxarkən stadionun qapısını sındırmışdı və nəticədə şüşə onun ayağına düşərək ciddi zədə almasına səbəb olmuşdu.






