0:8 faciəsi və ya klublarımız üçün uğursuz rəqiblər

0:8 faciəsi və ya klublarımız üçün uğursuz rəqiblər
Kateqoriya məlum deyil
T

“Sabah” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsrailin “Hapoel” komandası ilə qarşılaşacaq. Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək matça saat 23:00-da start veriləcək.

Azərbaycan klubları bunadək dəfələrlə İsrail təmsilçiləri ilə Avropa arenasında üz-üzə gəlib. Müxtəlif vaxtlarda keçmiş “Xəzər Lənkəran”, “Simurq”, son illərdə isə “Qarabağ”, “Neftçi”, “Zirə” və “Sabah” adıçəkilən ölkənin komandaları ilə qarşılaşıb.

Duellərdə üstünlük İsrail təmsilçilərindədir. Onlara qarşı Azərbaycan komandalarının cəmi üç qələbəsi var. Bunlardan ikisi “Qarabağ”ın, biri isə “Sabah”ın adı ilə bağlıdır.

İsrail klubları bizim üçün uğursuz rəqiblər siyahısındadır. 2013-cü ildə “Xəzər Lənkəran”ın Hayfa “Makkabi”sinə 0:8 hesabıyla məğlubiyyəti ölkə futbolu adına qara hərflərlə yazılıb.

Yəhudilərə qarşı avrokuboklarda ümumilikdə 22 duel baş tutub. Bu görüşlərin 3-ü qələbə, 12-si heç-heçə, 7-si isə məğlubiyyətlə başa çatıb.

“Sabah” tarixində ikinci dəfə İsrail komandası ilə qarşılaşacaq. 2024-cü ildə Konfrans Liqasının II təsnifat mərhələsində “Makkabi” (Hayfa) ilə üz-üzə gələn “Bayquşlar” neytral meydanda keçirilən ilk oyunda rəqibini üç cavabsız qolla məğlub edib. Bakıda baş tutan matçda isə 3:6 hesablı nəticə qeydə alınıb. Ümumi hesab bərabərləşdiyi üçün qalib penaltilər seriyasından sonra dəqiqləşib. Son zərbələrdə uğurlu olan “Sabah” mərhələ adlamağı bacarmışdı.

İndi isə tarixi təkrarlamağın vaxtıdır. “Hapoel” “futuristlər”in dişinə görə rəqibdir və bu mərhələdə düşə biləcək ən münasib kollektivdir. Beer Şeva təmsilçisi Yaxın Şərqdəki siyasi gərginliyə görə ev oyunlarını neytral meydanda keçirir. Bu gün Rumıniyada baş tutacaq matçda “Hapoel”ə ciddi azarkeş dəstəyi olmayacaq. Bu, “Sabah” üçün əlavə üstünlük sayıla bilər.

Komandalar arasındakı cavab görüşü isə avqustun 25-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Azərbaycan və İsrail komandalarının avrokubok duelləri:

Qələbələr:

Makkabi Hayfa – Qarabağ 1:2
Aşdod – Qarabağ 0:1
Makkabi Hayfa – Sabah 0:3

Məğlubiyyətlər:

Qarabağ – Makkabi Hayfa 0:1
Simurq – Bnei-Yehuda 0:1
Bnei-Yehuda – Simurq 3:0
Makkabi Tel-Əviv – Xəzər-Lənkəran 3:1
Hapoel İroniya Kiryat – Neftçi 4:0
Makkabi Hayfa – Xəzər Lənkəran 2:0
Xəzər-Lənkəran – Makkabi Hayfa 0:8
Bnei-Yehuda – Neftçi 2:1
Makkabi Tel-Əviv – Qarabağ 1:0
Makkabi Hayfa – Neftçi 4:0
Zirə – Makkabi Tel Əviv 0:3
Sabah – Makkabi Hayfa 3:6

Heç-heçələr:

Xəzər-Lənkəran – Makkabi Tel-Əviv 0:0
Neftçi – Hapoel İroniya Kiryat 2:2
Neftçi – Bnei-Yehuda 2:2
Qarabağ – Makkabi Tel-Əviv 1:1
Qarabağ – Aşdod 0:0
Neftçi – Makkabi Hayfa 3:3
Makkabi Tel-Əviv – Zirə 0:0.

mənbə: futbolpress.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR