2030 mundialının tarixi, ev sahibləri və formatı açıqlandı

2026-cı il FİFA Dünya Çempionatı başa çatsa da, futbolsevərlərin diqqəti artıq növbəti mundiala yönəlib.
Azarkeşləri maraqlandıran əsas sual isə növbəti Dünya Çempionatının nə vaxt keçiriləcəyidir.
Sfera.az xəbər verir ki, FİFA-nın 100 illik yubileyinə təsadüf edən 2030-cu il Dünya Çempionatı ilk dəfə altı ölkənin və üç qitənin ev sahibliyi ilə təşkil olunacaq.
Turnirin əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Bununla yanaşı, ilk Dünya Kubokunun keçirildiyi Uruqvay, həmçinin Argentina və Paraqvay da yubiley münasibətilə açılış mərhələsində bir oyuna ev sahibliyi edəcək.
Yubiley oyunlarının 8-9 iyun tarixlərində Uruqvay, Argentina və Paraqvayda keçirilməsi nəzərdə tutulub. Turnirin əsas açılış mərasimi və ilk oyunları isə 13-14 iyun tarixlərində Mərakeş, Portuqaliya və İspaniyada baş tutacaq. Dünya çempionatının final görüşünün isə 21 iyul tarixində keçirilməsi planlaşdırılıb. Bununla belə, FİFA hələ tam oyun təqvimini rəsmi şəkildə təsdiqləməyib.
2030-cu il Dünya Kuboku kişilər arasında futbol üzrə tarixdə ilk dəfə altı ölkə və üç qitədə keçirilən mundial kimi yadda qalacaq. Bu format FİFA-ya 1930-cu ildə Uruqvayda təşkil olunan ilk Dünya Kubokunun 100 illiyini xüsusi şəkildə qeyd etməyə imkan verəcək.
Qurumun açıqlamasına görə, Uruqvayın bir oyuna ev sahibliyi etməsi ilk Dünya Kubokunun məhz bu ölkədə keçirilməsi ilə bağlıdır. Argentina həmin turnirin finalçısı olduğu üçün, Paraqvay isə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) yerləşdiyi ölkə kimi yubiley tədbirlərinə daxil edilib.
2030-cu il Dünya Çempionatında hazırkı plana əsasən 48 komanda mübarizə aparacaq. Bu format ilk dəfə 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundialda tətbiq olunub.
Bununla yanaşı, FİFA prezidenti Canni İnfantino turnirin gələcəkdə 64 komandaya qədər genişləndirilməsi ehtimalının da müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, 48 komandalıq sistem daha çox ölkəyə dünya çempionatında iştirak imkanı yaradıb və futbolun qlobal inkişafına töhfə verib.
Qeyd edək ki, ilk FİFA Dünya Çempionatı 1930-cu ildə Uruqvayda keçirilib. Həmin turnirdə 13 komanda iştirak edib və ev sahibi Uruqvay finalda Argentinanı 4:2 hesabı ilə məğlub edərək tarixdə ilk dünya çempionu olub.
Məlumata görə, növbəti 2034-cü il FİFA Dünya Çempionatı isə Səudiyyə Ərəbistanında keçiriləcək. FİFA bu ölkənin ev sahibliyini 2024-cü ilin dekabrında təsdiqləyib. Turnirin dəqiq tarixləri və oyun cədvəli isə hələ açıqlanmayıb.
Bəsti Rəfizadə
Sfera.az
