DÇ-2026-da finala kimlər çıxacaq? - Proqnoz

2026-cı il Dünya Çempionatı tədricən sona yaxınlaşır. Artıq 1/4 mərhələsinin ilk oyunu keçirilib. Azarkeşlər finala gedən yolu müzakirə etməyə başlayıblar.
Sfera.az xəbər verir ki, çempionatın hazırkı mənzərəsi futbol ictimaiyyətində böyük maraq və müzakirələrə səbəb olub.
Turnirin favoritləri ilə yanaşı, gözlənilməz nəticələrlə diqqət çəkən komandalar da qızıl medallar uğrunda mübarizəni davam etdirir.
Hazırda turnirin əsas favoriti kimi Fransa göstərilir. Komanda artıq rəqiblərinə vurduğu 20 qolla hücum xəttindəki effektivliyini sübut edib. Kilian Mbappe və komanda yoldaşlarının çıxışı "xoruzlar"ın ardıcıl üçüncü dəfə finala çıxmaq şanslarını artırır.
Digər tərəfdən, İspaniya millisi turnirin ən intizamlı komandası təsiri bağışlayıb. "La Roja" rəqib qapılarına gedən yolu tapmaqla yanaşı, öz qapısını toxunulmaz saxlamağı da bacarır. Bu müdafiə strukturu onları finalın ən real namizədlərindən birinə çevirir.
Çempionatın son qalibi Argentina isə çətin sınaqlardan çıxmağı bacarıb. Lionel Messinin rəhbərlik etdiyi komanda, xüsusilə son matçlardakı geri dönüşləri ilə çempionluq xarakterini ortaya qoyub.
İngiltərə millisi də azarkeşlərin etimadını doğruldaraq, yüksələn qrafiklə irəliləyir. Harri Keyn və Cud Bellingemin liderliyi ilə "Üç şir" finala birbaşa namizədlər sırasındadır.
Yarımfinal və finala gedən yolda Norveç, Belçika və İsveçrə kimi komandaların atacağı addımlar turnirin taleyini dəyişə bilər. Xüsusilə, Erlinq Haalandın Norveçinin nəyə qadir olduğunu görmək hər kəs üçün maraqlıdır.
Ekspertlərin rəyinə görə, əgər favoritlər öz gücünü qoruya bilsə, finalda Fransa - Agentina kimi klassik və yüksək gərginlikli qarşılaşmaları izləmək mümkün olacaq. Lakin bu proqnozlar da hər an pozula bilər.
Hazırda bütün gözlər 1/4 final matçlarının qalan 3 oyununa yönəlib. Qaliblər yarımfinala, oradan isə böyük finala vəsiqə qazanacaqlar.
Bəsti Rəfizadə
