Şəmkirdə evdən kişi və qadın meyiti tapıldı
Şəmkir rayonunda evdən kişi və qadın meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Varlı Həyat kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü R.Mustafayev gün ərzində kənddə görünmədiyindən və telefon zənglərinə cavab vermədiyindən yaxınları onun yaşadığı evə gediblər.
Evin qapısının bağlı olduğunu görən yaxınları hasardan aşaraq həyətə daxil olublar.
Onlar evdə R.Mustafayevin və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadının meyitini aşkar ediblər.
Mərhumun yaxınlarının APA-ya bildirdiyinə görə, R.Mustafayev kənddə əkinçiliklə məşğul olurmuş. Meyiti tapılan qadının isə onun yanında işlədiyi bildirilir.
Məlumata görə, R.Mustafayev bir neçə il əvvəl ailəsindən ayrılıb. Onun övladının olduğu bildirilir.
Hər iki şəxsin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.






