Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı
Lerik rayonunda müxtəlif vaxtlarda iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sfera.az xəbər verir ki, hadisələr zamanı 5 nəfər xəsarət alıb.
Hadisələrdən biri rayonun Blaband kəndində baş verib. Məlumata görə, Sadiq Novruzovun idarə etdiyi “VAZ-2121 Niva” markalı avtomobillə “UAZ” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “Niva”da olan üç nəfər xəsarət alıb.
Yaralılardan Lerik rayonunun Pirəsora kənd sakini, 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırovun vəziyyəti ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub.
Digər qəza Lənkəran-Lerik avtomobil yolunun 39-cu kilometrində qeydə alınıb.
Zenoni kənd sakini, 1985-ci il təvəllüdlü Həmid Heybət oğlu Dövlətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişin, onun həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayıl Maşallah oğlu Əliyev bədən xəsarətləri alıblar. Hər iki şəxs tibbi yardım üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktlarla bağlı araşdırma aparılır./bizimmedia






