Şuşada mina partlayışında xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

Şuşa rayonunun Cəmillər kəndi ərazisində baş verən mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Sfera.az bildirir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1979-cu il təvəllüdlü şəxs (kişi) sentyabrın 28-də saat 10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.
"Aparılan müayinələr zamanı pasiyentə təpə nahiyəsinin kəsilmiş yarası, L1 fəqərəsinin köndələn çıxıntısının minimal sınığı, döş sümüyünün xətti sınığı, bədənin müxtəlif nahiyələrində sıyrıqlar və sağ yuxarı ətrafın I dərəcəli yanığı diaqnozları təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti kafi qiymətləndirilir. Müalicəsi Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilib.





