“Vulcan” raketi nasazlıqla üzləşdi
ABŞ-nin Florida ştatından kosmosa buraxılan “United Launch Alliance” (ULA) şirkətinə məxsus “Vulcan” raketi uçuş zamanı texniki nasazlıqla üzləşib. Nəticədə raket daşıdığı peykləri nəzərdə tutulan orbitə çatdıra bilməyib.
Sfera.az xəbər verir ki, raket yerli vaxtla saat 12:40-da Kanaveral burnundakı Kosmik Qüvvələr Stansiyasından buraxılıb. Uçuşdan təxminən 10 dəqiqə sonra səbəbi hələlik müəyyən edilməyən anormallıq qeydə alınıb.
Məlumata görə, raket “Amazon Leo” internet şəbəkəsinə aid 40 peyki daşıyırdı. Lakin yaranan texniki problem səbəbindən missiya uğursuzluqla nəticələnib. Bu hadisə ULA şirkətinin 2006-cı ildə fəaliyyətə başlamasından bəri ilk tam missiya uğursuzluğu kimi qiymətləndirilir.
ULA-nın açıqlamasında bildirilib ki, uçuş zamanı baş verən anormallıq nəticəsində missiyanın faydalı yükünü orbitə çatdırmaq mümkün olmayıb.
Şirkət qeyd edib ki, hadisə yenicə baş verdiyindən nasazlığın dəqiq səbəbini müəyyənləşdirmək üçün hələ kifayət qədər məlumat yoxdur. Araşdırmaların uçuşdan əldə edilən telemetrik məlumatlar əsasında aparılması gözlənilir.
İradə Elsevər






