Logo

Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq

Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Süni intellektin istifadəsinin genişlənməsi əmək bazarında dəyişikliklərə səbəb olur. Yeni texnologiyanın əmək bazarında bəzi peşələrin tədricən ixtisara düşməsinə səbəb olacağı bildirilirdi. Zamanla bu öz təsdiqini tapır. Lakin müşahidələr göstərir ki, süni intellekt sadəcə ixtisarlara səbəb olmur, o, həm də yeni ixtisasların yaranmasına və ya mövcud ixtisasların bəzilərinə tələbin artmasına şərait yaradır.

Bəs süni intellekt hansı sahələrdə yeni iş yerləri yarada bilər? Gələcəkdə hansı peşə və bacarıqlara tələbatın artması gözlənilir?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Sfera.az-a açıqlamasında deyib ki, süni intellektin tətbiqi yeni texniki vəzifələr yaradır:

“Süni intellektin geniş tətbiqi ənənəvi peşələri dəyişdirməklə yanaşı, texnoloji infrastrukturun qurulması və bu sistemlərin idarə olunması üzrə yeni iş yerləri yaradır. Modellərin öyrədilməsi və optimallaşdırılması üçün maşın öyrənməsi mühəndislərinə, məlumat memarlarına və məlumatların nişanlanması üzrə mütəxəssislərə ehtiyac artır. Generativ sistemlərdən dəqiq nəticə almaq üçün sorğular hazırlayan prompt mühəndisləri və şirkətlərin iş proseslərini süni intellekt agentləri ilə birləşdirən inteqrasiya memarları kimi yeni vəzifələr də yaranır”.

Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq

Onun sözlərinə görə, yeni peşələr təhlükəsizlik, hüquq və etika sahələrində də ortaya çıxır:

“Alqoritmlərin qərəzsizliyini və şəffaflığını yoxlayan etika mütəxəssislərinə, saxta məzmunu ("deepfake") aşkarlayan və süni intellekt sistemlərini kiberhücumlardan qoruyan kibertəhlükəsizlik analitiklərinə tələbat artır. Süni intellektin yaratdığı məzmunla bağlı müəllif hüquqları və istifadəçi məlumatlarının məxfiliyi məsələləri ilə məşğul olan rəqəmsal hüquq və komplayens mütəxəssislərinə də ehtiyac artır”.

O əlavə edib ki, bu dəyişiklik ənənəvi sahələri də əhatə edir:

“Səhiyyə, təhsil, maliyyə və sənayedə sahə biliklərini texnologiya ilə birləşdirən yeni peşələr yaranır. Tibbi diaqnostikada alqoritmlərin nəticələrini təhlil edən rəqəmsal tibb mütəxəssisləri, fərdiləşdirilmiş tədris proqramları hazırlayan təhsil texnologiyaları üzrə kuratorlar və şirkətlərin texnoloji transformasiya strategiyasını müəyyən edən süni intellekt üzrə biznes analitikləri bu peşələrə nümunədir”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR