General-mayor olan hərbçilər kimlərdir? - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bir general-mayora general-leytenant, 3 polkovnikə isə general-mayor rütbəsi verilib.
Sfera.az Bizim.Media-ya istinadən general-mayor rütbəsi verilən hərbçilərlə bağlı bəzi məlumatları təqdim edir:
General-mayor rütbəsi alan Elnur Əli oğlu Ələsgərli hərbi idarəetmə və milli təhlükəsizlik sahəsində fəaliyyəti ilə diqqət çəkir. O, 21 iyun 2024-cü ildə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsinə təyin edilib.
General-mayor rütbəsi verilən polkovnik Telman Əsgər oğlu Hüseynov Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanıdır. 2024-cü ildə Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanının müavini təyin edilib.
General-mayor rütbəsinə layiq görülən polkovnik Hikmət Rövşən oğlu Əliyev də Vətən müharibəsi iştirakçısıdır. O, “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qeyd edək ki, sözügedən Sərəncamla general-mayor Zaur Rüstəmova general-leytenant rütbəsi verilib. Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci il ildə İsmayıllının Kürdmaşı kəndində anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mənsubudur.
Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlar arasında olub. Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib.
7 noyabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunub.






