Logo

Rusiyanın türk dövlətlərinə marağı artır - Səbəb nədir?

Rusiyanın türk dövlətlərinə marağı artır - Səbəb nədir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Türk Dövlətləri Təşkilatında (TDT) təmsil olunmaq niyyətini ortaya qoyub. Kremlin sözçüsü Dmitri Peskov da Moskvanın təşkilatda iştirak etməyə maraqlı olduğunu təsdiqləsə də, hələlik Rusiyaya bu istiqamətdə rəsmi təklifin ünvanlanmadığını bildirib. Məsələ Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın TDT-də müşahidəçi statusu ilə təmsil olunması təklifindən sonra daha da aktuallaşıb.

Ukrayna müharibəsindən sonra Rusiyanın bir sıra beynəlxalq platformalarda məhdudiyyətlərlə üzləşdiyi nəzərə alınarsa, Moskvanın türk dövlətlərinin birləşdiyi təşkilata marağının arxasında hansı siyasi və iqtisadi hesablamalar dayanır?

Bəs Rusiya TDT-də müşahidəçi statusu əldə etməklə regiondakı təsir imkanlarını qorumağa, yoxsa yeni əməkdaşlıq platforması qazanmağa çalışır?

Rusiyanın türk dövlətlərinə marağı artır - Səbəb nədir?

Politoloq Murad Sadəddinov Sfera.az-a açıqlamasında bildirib ki, Rusiyanın TDT-də təmsil olunmağa maraq göstərməsi təsadüfi deyil. Onun sözlərinə görə, Ukrayna müharibəsinə görə Moskva bir sıra beynəlxalq təşkilatlarda müxtəlif məhdudiyyətlərlə üzləşib və bu səbəbdən yeni beynəlxalq platformalarda iştirak etməkdə maraqlıdır:

“Rusiya ilə türk dövlətləri arasında tarixən formalaşmış siyasi, iqtisadi və mədəni əlaqələr mövcuddur. Bundan başqa, Rusiyanın müxtəlif regionlarında milyonlarla türk mənşəli insan yaşayır. Bu amil də Moskvanın türk dövlətləri ilə münasibətlərə xüsusi diqqət yetirməsini şərtləndirir. Ukrayna müharibəsindən sonra Rusiyanın Qərb ölkələri ilə münasibətlərinin kəskin pisləşməsi və bir sıra beynəlxalq platformalarda məhdudiyyətlərlə üzləşməsi fonunda Moskva yeni əməkdaşlıq imkanları axtarır. TDT-də təmsil olunmaq Rusiyaya həm türk dövlətləri ilə siyasi dialoqu genişləndirmək, həm də iqtisadi əlaqələrini inkişaf etdirmək baxımından əlavə imkanlar yarada bilər. Xüsusilə ticarət, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq Moskva üçün əhəmiyyətlidir”.

M.Sadəddinovun fikrincə, TDT-nin iqtisadi və geosiyasi əhəmiyyətinin artması da Rusiyanın diqqətindən yayınmır:

“Türk Dövlətləri Təşkilatının iqtisadi və geosiyasi əhəmiyyətinin artması Rusiyanın diqqətindən yayınmır. Hazırda ABŞ, Çin və Avropa İttifaqı kimi böyük güclər də türk dövlətləri ilə əməkdaşlığa xüsusi maraq göstərirlər. Bu isə regionda geosiyasi rəqabəti daha da gücləndirir. Rusiya müşahidəçi statusu əldə etməklə həmin proseslərdən kənarda qalmamaq, təşkilat daxilində baş verənləri yaxından izləmək və qərarvermə proseslərinə müəyyən mənada təsir göstərmək istəyər. Eyni zamanda, Moskva bu yolla Mərkəzi Asiya və Cənubi Qafqazda tədricən zəifləyən təsir imkanlarını qorumağa, türk dövlətləri ilə mövcud əlaqələrini itirməməyə çalışa bilər. Düşünürəm ki, Rusiyanın marağı yalnız yeni əməkdaşlıq platforması qazanmaqdan ibarət deyil, həm də regionda dəyişən geosiyasi balans şəraitində öz mövqelərini qoruyub saxlamaqdır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR