Bakıdakı tozlu hava: Səhhətimizə necə təsir edir?

Bakıdakı tozlu hava: Səhhətimizə necə təsir edir?
Kateqoriya məlum deyil
T

Bakıda havada tozun normadan artıq olması həm ekoloji, həm də sağlamlıq baxımından narahatlıq doğurur. Uzaq ərazilərdən gələn toz kütlələri, küləyin istiqaməti, yağıntının olmaması və atmosfer şəraiti bu prosesə təsir göstərən əsas amillər sırasındadır.

Tozlu hava paytaxta necə artır?

Ekoloq Cəmşid Bəxtiyar Sfera.az-a açıqlamasında bildirib ki, atmosferdə tozun konsentrasiyasının artmasının səbəblərindən biri transsərhəd toz daşınmalarıdır.

Onun sözlərinə görə, quraq ərazilərdə yaranan toz kütlələri hava axınları vasitəsilə uzun məsafələr qət edərək Azərbaycana qədər gəlib çata bilər:

“Ərəbistan yarımadası və digər quraq ərazilərdə güclü küləklər torpaq və qum hissəciklərini havaya qaldırır. Bu hissəciklər atmosferdə daşınaraq qonşu ölkələrə, o cümlədən Azərbaycana daxil ola bilir. Tozlu hava şəraitinin yaranmasında küləyin istiqaməti də mühüm rol oynayır. Cənub-şərq hava axınları tozlu hava kütlələrinin regiona daşınmasına şərait yarada bilər. Yağıntının olmaması isə atmosferdəki hissəciklərin yağış vasitəsilə yuyulub təmizlənməsini məhdudlaşdırır. Atmosferdə hava mübadiləsinin zəifləməsi və temperatur inversiyası kimi hadisələr də tozun havada qalma müddətinə təsir göstərə bilər”.

Ekspert qeyd edib ki, Bakı və Abşeron yarımadasında quru torpaq sahələri, tikinti əraziləri və avtomobil yolları da havadakı tozun miqdarının artmasına töhfə verir. Onun fikrincə, tozun konkret mənbələr üzrə payını müəyyənləşdirmək üçün ölçmə və monitorinq məlumatları vacibdir.

Bəs havanın bu cür tozlu olması insan sağlamlığı üçün hansı təhlükələri yaradır?

Səhiyyə eksperti Rasif Bağırov bu barədə Sfera.az-a açıqlamasında bildirib ki, havada tozun normadan artıq olması tənəffüs yollarına və ağciyərlərə mənfi təsir göstərə bilər.

Onun sözlərinə görə, xüsusilə ağciyər xəstəliklərinə meyilli olan şəxslər belə hava şəraitində daha çox risk altındadır:

“Havadakı toz hissəcikləri nəfəsalma zamanı tənəffüs yollarına daxil olaraq mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Bu zaman insanlarda nəfəs darlığı, bronxların daralması və digər tənəffüs problemləri yarana bilər. Tozlu hava yalnız xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün təhlükəli deyil. Yüksək konsentrasiyalı toz hissəcikləri sağlam insanlarda da tənəffüs yollarının qıcıqlanmasına səbəb ola bilər. Xüsusilə xırda hissəciklərin tənəffüs sisteminin aşağı hissələrinə çatması sağlamlıq risklərini artırır”.

Ekspert söyləyib ki, tozlu hava şəraiti ilə bağlı əhalinin vaxtında məlumatlandırılması vacibdir. Onun fikrincə, meteoroloji qurumlar havada tozun artacağı ehtimalı barədə qabaqcadan məlumat verməli, insanlar isə həmin günlərdə qoruyucu tədbirlərə daha ciddi əməl etməlidirlər:

“Yaxşı olardı ki, meteoroloqlar tozlu havanın olacağı barədə televiziya vasitəsilə əhaliyə məlumat versinlər. İnsanlar belə hallarda maskalardan və respiratorlardan istifadə etməklə toz hissəciklərinin tənəffüs yollarına daxil olmasını müəyyən qədər azalda bilərlər. Bakıda tozlu hava probleminin azaldılması üçün həm atmosferdəki tozun mənbələrinin və meteoroloji şəraitin müntəzəm izlənilməsi, həm də əhalinin vaxtında məlumatlandırılması mühüm əhəmiyyət daşıyır. Xüsusilə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən şəxslərin tozlu günlərdə açıq havada uzun müddət qalmaqdan çəkinməsi və uyğun qoruyucu vasitələrdən istifadə etməsi tövsiyə olunur”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR