"Bakıda fasiləsiz avtobus dəhlizləri yaradılmalıdır" – Adil Nəbiyev

AYNA sentyabrın 14-dən Bakıda xətlərə buraxılan avtobusların sayını xeyli artırıb. Son məlumata əsasən, 2530 avtobus xəttə buraxılıb. Bu il xidmət göstərən avtobusların sayısı 2022-ci ildəkindən 42 faiz çoxdur. Dörd il əvvəl sərnişinlərə 1780 avtobus xidmət göstərirdi.
Nəqliyyat eksperti Adil Nəbiyev Sfera.az-a açıqlamasında bildirib ki, avtobusların sayının artırılması ictimai nəqliyyatın daşıma imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır.
Ekspert qeyd edib ki, avtobusların sayının artırılması sərnişinlərə xidmətin keyfiyyətinin yüksəlməsi anlamını vermir. Onun sözlərinə görə, yalnız avtobusların ümumi sayı xidmətin keyfiyyətini müəyyən etmir. Ekspertin fikrincə, əsas məsələ avtobusların şəhər daxilində hansı sürətlə və intervalla hərəkət etməsi, eləcə də marşrutlar üzrə düzgün bölüşdürülməsidir:
“Avtobus tıxacda minik avtomobilləri ilə birlikdə dayanarsav, əlavə avtobusların xəttə buraxılması müəyyən nöqtədən sonra gözlənilən nəticəni vermir. Məsələn, bir marşrut üzrə kifayət qədər avtobus ola bilər, amma tıxac səbəbindən avtobusun bir dövrə vurma müddəti 60 dəqiqədən 90-100 dəqiqəyə qalxırsa, faktiki daşıma qabiliyyəti aşağı düşür, dayanacaqda interval böyüyür və sərnişinlər toplanır”.

A.Nəbiyev hesab edir ki, əsas göstəricilərdən biri avtobusların kommersiya sürəti, intervalın sabitliyi və bir saat ərzində dayanacaqdan keçən faktiki sərnişindaşıma tutumu olmalıdır. Onun fikrincə, Ziya Bünyadov prospektində “20 Yanvar” istiqamətində avtobus zolağının fəaliyyət müddətinin 17:00–20:00-dan 17:00–21:00-dək uzadılması müsbət addımdır. Ekspert bu dəyişikliyin avtobusların qrafikə uyğun hərəkətinə xidmət etdiyini, lakin şəhər üzrə mövcud nəqliyyat problemini tam həll etmədiyini vurğulayıb:
“Bakıda əsas istiqamətlər üzrə fasiləsiz və bir-biri ilə əlaqələndirilmiş avtobus prioritet dəhlizləri yaradılmalıdır. Zolaq bir nöqtədə başlayıb digər problemli yolayrıcında yoxa çıxmamalıdır”. O qeyd edib ki, işıqforlarda ictimai nəqliyyata prioritet verilməsi, avtobus zolaqlarının qanunsuz zəbt edilməsinə nəzarətin gücləndirilməsi və dayanacaqların qarşısında ikinci cərgədə dayanmanın qarşısının alınması da vacibdir: “Avtobusların marşrutlar üzrə bölüşdürülməsi də sərnişin tələbatına uyğun aparılmalıdır. Xüsusilə yaşayış massivləri, metro stansiyaları və nəqliyyat mübadilə mərkəzlərinə gedən istiqamətlərdə intervalın azaldılması vacibdir. Pik saatlarda tələbatın yüksək olduğu istiqamətlərə əlavə qısa reyslər və ekspres xidmətlər təşkil edilə bilər”.
AYNA-nın son dövrdə 8 ekspres xətt təşkil etdiyini və 28 müntəzəm xətti gücləndirdiyini xatırladan A.Nəbiyev bunun nəqliyyat probleminin yalnız avtobus sayının artırılması ilə həll edilmədiyini göstərdiyini deyib:
“Bakıdakı ictimai nəqliyyatın inkişafı yalnız avtobus sisteminin üzərinə qoyulmamalıdır. Metro, avtobus, şəhərətrafı dəmir yolu, ekspres marşrutlar və piyada infrastrukturu vahid sistem kimi işləməlidir. Əsas hədəf "Bakıda neçə avtobus var?" sualından "sərnişin dayanacaqda neçə dəqiqə gözləyir və mənzil başına neçə dəqiqəyə çatır?" sualına keçmək olmalıdır. İctimai nəqliyyatın real keyfiyyət göstəricisi nəqliyyat vasitələrinin ümumi sayı deyil, sərnişinin qapıdan-qapıya səfər müddəti, gözləmə intervalı, proqnozlaşdırıla bilən qrafik və rahatlıqdır”.
İradə Elsevər






