“İran Azərbaycandan üzr istəməlidir” – Ekspert

“Bildiyiniz kimi, Azərbaycan xarici siyasət doktrinasında qonşularla dinc yanaşı yaşama prinsipinə əməl edir və bu siyasəti də beynəlxalq hüquqi normalarla tənzimləyir. Dəfələrlə Azərbaycan rəsmiləri bəyan ediblər ki, Azərbaycan ərazisindən üçüncü dövlət tərəfindən İrana qarşı istifadəyə icazə verilməyəcək və bu siyasət də həmişə həyata keçirilib”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Azad Məsiyev söyləyib.
Onun fikrinə əsasən, Azərbaycan İranla heç bir düşmənçilik siyasəti yürütməsə də, İranın bu addımı bağışlanmazdır:
“Bildiyimiz kimi, İranın dini liderinin qətli ilə bağlı hadisədən dərhal sonra Azərbaycan Prezidenti İran səfirliyinə getdi, xatirə kitabına başsağlığı yazdı və öz narahatlığını bəyan etdi. Eyni zamanda, İranda baş verən hadisələrin diplomatik yolla həllinə çağırıış etdi, hətta vasitəçilik missiyasını da bəyan etdi. Buna baxmayaraq, İrandakı avantürist dairələr Azərbaycanın Naxçıvan bölgəsindəki hava limanına hərbi zərbələr endirdilər. Bu proses onu göstərir ki, İranda müəyyən dairələr Azərbaycanla İran arasında münasibətlərin korlanmasında maraqlıdırlar. Hətta xatırlatmaq yerinə düşər ki, bir neçə ay bundan əvvəl İranda bəzi avantürist siyasətçilər də Azərbaycanla münasibətləri pisləşdirmək üçün bəyanatlar verirdilər”.

Politoloqun sözlərinə görə, əgər İran qonşularında düşmən axtarırsa, birinci hədəfi Ermənistan olmalıdır:
“Ermənistandakı ABŞ səfirliyində 3000-dən artıq diplomatik korpus əməkdaşı fəaliyyət göstərir. Bunun təxminən 50 faizi Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəli şəxslərdir. Eyni zamanda qeyd edirəm ki, Ermənistanda MKİ-nin bir rezidentura şəbəkəsi var. Bu şəbəkə vasitəsilə İranın daxilində kəşfiyyat və pozuculuq işləri aparılmaqda davam edir. Əgər İranın həmin qüvvələri Azərbaycana zərbə endirir və qonşularında düşmən axtarırsa, birinci hədəf Ermənistan olmalıdır. Bu cür xəyanətkar davranışlara görə İran dövləti rəsmi şəkildə Azərbaycan dövlətindən üzr istəməli və baş verən hadisəyə aydınlıq gətirməlidir. Hesab edirəm ki, İranın xarici işlər naziri bu hərəkətlərlə bağlı rəsmi mövqeyini bildirməli və üzrxahlıq etməlidir”.
Bəsti Rəfizadə
Sfera.az
