Regiondakı müharibə hava şəraitinə təsir edəcək?

ABŞ-İran arasında artan hərbi gərginlik regionda hava məkanlarının istifadəsi ilə bağlı yeni risklər yaradıb. Mümkün məhdudiyyətlər və marşrut dəyişiklikləri təkcə aviasiya sektoruna deyil, müəyyən dərəcədə atmosfer proseslərinə də təsir göstərə bilər.
Sfera.az xəbər verir ki, hərbi risk artdığı hallarda aviaşirkətlər təhlükəli hesab olunan hava məkanlarından yan keçir və alternativ marşrutlardan istifadə edir. İran üzərindən uçuşlar azaldıldığı üçün, Avropa-Asiya tranzit xəttinin bir hissəsi Azərbaycan üzərindən keçir. Bu isə ölkə səmasında yüksək hündürlükdə uçuşların sayını artırır.
Yüksək hündürlükdə uçan reaktiv təyyarələrin mühərriklərindən çıxan isti və rütubətli qaz kütləsi soyuq hava ilə təmasda buz kristallarına çevrilir və səmada ağ izlər – “contrails” (kondensasiya izləri) əmələ gəlir. Bu izlər bəzən tez yox olur, bəzən isə uzun müddət qalaraq nazik süni Sirus buludlarına çevrilə bilir. Məhz bu mərhələ atmosfer baxımından daha əhəmiyyətli sayılır.
Atmosferdə yaranan süni sirus tipli buludların iki istiqamətli təsiri var. Belə ki, gündüz saatlarında Günəş şüalarının bir hissəsini əks etdirərək səthin qızmasını zəiflədə bilər. Həmçinin, gecə saatlarında Yer səthindən yayılan istilik radiasiyasının bir hissəsini saxlayaraq soyumanı azalda bilər. Nəticədə gündüz maksimum və gecə minimum temperatur arasındakı fərq, yəni diurnal amplituda müəyyən qədər azala bilər.
Elmi araşdırmalar göstərir ki, aviasiya fəaliyyəti mikroiqlim səviyyəsində müəyyən dəyişiklik yarada bilir. 2001-ci ildə ABŞ-də mülki uçuşların müvəqqəti dayandırılması zamanı gündüz və gecə temperatur fərqində cüzi artım qeydə alınmışdı. Bu da kondensasiya izlərinin radiasiya balansına təsirini təsdiqləyən faktorlardan biri kimi qiymətləndirilir.
Lakin mütəxəssislər vurğulayırlar ki, Azərbaycanda temperatur rejimini əsasən Xəzər dənizinin təsiri, kontinental hava kütlələri və regional atmosfer prosesləri müəyyən edir. Uçuş intensivliyinin artması yalnız lokal və qısamüddətli təsir göstərə bilər. ABŞ-İran gərginliyi birbaşa yox, dolayı mexanizmlərlə, yəni hava marşrutlarının dəyişməsi və yüksək hündürlükdə uçuşların artması vasitəsilə atmosfer proseslərinə cüzi təsir göstərə bilər. Ancaq bu, ölkədə kəskin istiləşmə və ya soyuma yaradacaq səviyyədə faktor hesab edilmir. Mümkün dəyişikliklər daha çox statistik ölçülə biləcək xarakter daşıyır və gündəlik hava şəraitində ciddi fərq yaratmır.
Firuzə Əliyeva
Sfera.az
