Əri və qardaşı BTR-in içində yanan Mətanət Məmmədova: “Şəkil ermənilərin əlinə düşməsin deyə...”

Əri və qardaşı BTR-in içində yanan Mətanət Məmmədova: “Şəkil ermənilərin əlinə düşməsin deyə...”
Birinci Qarabağ müharibəsi dövründə minlərlə azərbaycanlı əsir, girov və itkin düşüb. Onların bəziləri sonradan düşmənlə aparılan danışıqlar nəticəsində geri qaytarılsa da, hələ də gözü yollarda qalan ailələr var. İndi isə, torpaqlar öz sahibinə qaytarılıb - həmin şəxslərin də ümidləri birə on artıb desək, yanılmarıq. Kimisi atasının, kimisi həyat yoldaşının, qardaşının qayıdacağına ümid edir.
 
Həmin zaman itkin düşənlərdən biri də Vahid Məmmədov Şahvələdoğludur. O, 1961-ci ilin sentyabrın 29-da Lənkəranda dünyaya göz açıb. Vahid iki bacının tək qardaşı idi. Anası evdar qadın, atası isə polkovnik olub. Elə hərbçi olmaq istəyi də burdan qaynaqlanırdı. Hələ uşaqlıqdan atasını hərbi geyimdə görməsi, onda bu sahəyə maraq, sevgi yarada bilib. Lakin Şahvələd Məmmədov oğlunu bir neçə dəfə yolundan döndərmək istəyib.  Axı işin çətinliklərinə ondan yaxşı bələd olan yox idi...


 
Bütün israrlara rəğmən, Vahid hərbçi olmaq arzusunu boğa bilmədi – ali hərbi məktəbi bitirib istədiyi peşəyə də yiyələndi. Sovet ordusunda kapitan rütbəsinə qədər yüksələn Vahid daha sonra Azərbaycan  ordusunda fəaliyyət göstərməyə başlayıb və mayor rütbəsində qədər yüksəlib.
 
9 görüş, 5 illik evlilik yolu....

Sfera.az-ın əməkdaşı itkinin həyat yoldaşı Mətanət Məmmədova ilə söhbətləşərək onun həyat yoluna işıq salmağa çalışıb. Müsahibimizlə elə lap başdan başladıq – Mətanət xanım öncə Vahid bəylə yollarının necə kəsişdiyindən, hələ müharibədən öncə nələr baş verdiyindən söz açdı. Dediyinə görə, onlar yaxınlarının vasitəsi ilə tanış olub. Toy gününə qədər bir-birini cəmi 9 dəfə görüblər:

"Qaynatam hərbi həkim idi, eləcə də bibimin yoldaşı - onlar bir yerdə oxuyublar, qulluq yolları eyni olub. Bizim evdə bir adət var idi. Hər il 23 fevral tarixində mütləq bibimgilə gedər, eyni süfrə arxasında oturub söhbətləşərdik. Vahidin də ailəsi gəlirdi. Amma özü heç vaxt şənlikdə olmayıb. Vaxt-vədə gəlib çatanda bibim mənə Şahvələdin oğlunun instituta mənə baxmağa gələcəyini dedi. Mən bir az kobud, oğlan kimi idim. Elə buna görə bibim məndən xahiş etdi ki, imtina da etsən, oğlana kobudluq etmə, mənə yavaşca deyərsən çatdıraram. Həmin zaman "Şahvələdin oğlu var?” deyib təəccübləndim. Məclisdə görməmişdim deyə ağlıma belə gəlmirdi ki, iki bacının həm də qardaşı var. İndiyə kimi yadımdadır, mühazirədən çıxanda xəstəxananın qabağında Vahidi gördüm. İlk dəfə gördüyüm adamın o olduğunu bildim, çünki eynilə atasına bənzəyirdi. Həm də formada idi. Toy günü mən onu 9-cu dəfə idi görürdüm – onun içinə nişan da, Qurban bayramı da, gəldikləri gün də daxildir”.



"Sən demə, hərbçinin həyat yoldaşı olmaq elə də asan deyil”

Vahid bəylə yolları kəsişəndə hələ tələbə idi, Mətanət xanım. Tibb Universitetində oxuyurdu. 1986-cı ilin noyabrda ailə həyatı quran müsahibimiz hərbçi peşəsinin çətinliyini sonradan dərk etdiyini, buna rəğmən, dünyaya bir daha gəlsəydi, yenə eyni seçimi edəcəyini deyir:
 
"O vaxt hərbi formanın kənarlarında qırmızı planka olurdu. Birinci dəfə Vahidin şalvarını yuyanda həmin planka çıxdı və atılmalı oldu. Mən nə bilim ki, şalvarın əslində yuyulma qaydası var. Onda Vahid qayıdıb dedi ki, sənə bibin şalvarı necə yumaq lazım olduğunu öyrətməyib?. Ardınca "Mən bir dəfə yuyub sənə göstərirəm. Bax öyrən” dedi. Bunun kimi bir çox hadisələr olub. Sən demə, hərbçinin həyat yoldaşı olmaq elə də asan məsələ deyil – onun öz həyat gedişatı, prinsipləri var. Amma yoldaşımın xasiyyəti yumşaq idi. Bəlkə iş yerində başqa cür olub. Ancaq  Vahid qadının göz yaşını görə bilmirdi, böyük-kiçik yeri bilirdi, ailədə mülayim idi. Təkcə öz övladlarına yox, qonşunun uşaqlarına, ya da həyətdə, başqa yerlərdə gördüyü uşaqlara qarşı mehriban olub”.
 
 
Ermənilərin başına pul qoyduğu hərbçi...

 
İki oğul atası olan Vahid Məmmədov Vətəninə sevgiylə bağlı idi. Məhz bu səbəbdən Birinci Qarabağ Müharibəsi dövründə düşünmədən cəbhəyə yola düşdü – heç kimə xəbər vermədən. Axı istəməzdi, ailəsi ona görə narahat olsun...

Hər gün evdə, övladlarının, həyat yoldaşının yanında olan Vahid 1991-ci ilin dekabrından etibarən 1992-ci ilin may ayına kimi cəmi 2 dəfə ailəsini görməyə gəlib – fevralın sonu və aprelin ortaları...
 


Mətanət xanım deyir ki, Vahid heç vaxt evdə hərbi söhbətlər açmaz, gərginlik yaratmazdı. Onun sözlərinə görə, Vahid hərbi hissədə "krasavçik” ləqəbi ilə tanınırdı. Hətta ermənilər Albert Aqarunovla Vahidin başına pul qoymuşdular - onlar artıq ölümə məhkum olunmuş adamlar idi:

"Vahid Şuşaya gedəndə bizə heç nə demədi. Elə məzuniyyətdə olduğunu ya da rayonlara gedib ön cəbhəyə aparmaq üçün cavan uşaqları yığdığını deyirdi. Axırıncı dəfə Xaçmazda olduğunu demişdi. Amma 1992-ci ilin fevral ayında biz Vahidi televiziyada gördük və o zaman Şuşada olduğunu bildik. Axşam zəng etdi. Dedi ki, siz məni televiziyada gördüyünüzə sevinirsiz, amma biz yox, çünki sizin kimi ermənilər də baxır. Nigaran qalmayaq deyə, bu addımı atdığını bildirdi. Vahidlə axırıncı dəfə mayın 3-də telefonda danışdıq. Mən ona sual verdim ki, uşaqları bu qədər çox istəyirsən, orda onlarsız necə qalırsan?  Cavabı belə oldu: "Nə fərqi var? Burda olanların hamısının ailəsi var- birinin bacısı, birinin həyat yoldaşı, uşaqları... Hərənin kimisə evdə qalıb. Mən də, onlar da gəlməsin, bəs kim qalsın burda? Torpaqları kim qorusun? Bu, mənim vəzifəmdir, yerimiz buradır”.
 
Kiçik oğlum Rüfət həmin ərəfədə əməliyyat olmuşdu, gəzmirdi, danışa bilmirdi, yaşyarımlıq idi. Amma böyük oğlum Cavidin 4 yaşı var idi. Vahid Cavidi oyatmağımı, onunla danışmaq istədiyini dedi, amma mən uşağı oyatmadım. Ondan sonra Vahiddən xəbər almadıq. Ayın 8-i bildik ki, Şuşa artıq ermənilərdədir. Hərbi hissəyə müraciət edəndə əməliyyata getdiyini və qayıtmadığını dedilər”.

Üç bacının bir qardaşı, ilk həkim, ilk tibbi məntəqə rəisi...

Mətanət xanım həmin zaman təkcə həyat yoldaşını yox, həm də qardaşını itirib. Gözü bir yolda, amma iki insan axtarırdı. Ağası Hüseynov Rauf oğlu. O da Tibb Universitetinin tələbəsi idi, hələ 24 yaşı var idi:


 
"O vaxt hərbi fakültə var idi və imtahan verənlərə leytenant rütbəsi verilirdi. Qardaşım da onların sırasında idi. 1986-cı ildə atam vəfat etdi. Həmin zaman qardaşım yolpulu və digər xərclərini anamdan almağa utandığını və işləmək istədiyini deyirdi. Tibb universitetinin 3-cü kursunu bitirənlər tibb qardaşı işləyə bilərdi. Ağası da hərbi xəstəxananın axşam növbəsinə tibb qardaşı kimi işə düzəldi – səhərlər dərsdə, axşam işdə olurdu.  Artıq müharibə başlamışdı, xəstəxanaya dalbadal yaralılar gəlirdi. Orda yaralılardan biri qardaşıma deyir ki, əgər cəbhədə həkim olsaydı, yaralılara ilk yardım göstərən olardı və ölənlər azalardı. Daha sonra Ağası növbəti vertolyotla xəstə gətirməyə getmək istədiyini baş tibb bacısına bildirib. Tibb bacısı qardaşıma anasına zəng etməyi və icazə almağı tapşırıb, yalnız bu halda ön cəbhəyə gedə biləcəyini deyib.
 
Ağası anama zəng etdi, amma imtahanının olduğunu, onu narahat etməməsini xahiş etmək üçün. Tibb bacısına isə icazə aldığını deyib xəstə götürmək üçün vertolyotla ön cəbhəyə yola düşdü. Qardaşım könüllü yazılanda deyib ki, Vahidin hərbi hissəsinə gedirəm. O vaxt həmin hərbi hissədə həkim yox idi, bir tibb bacısı olub. Ağası orada ilk həkim və ilk tibbi məntəqə rəisi olur. Qardaşım və həyat yoldaşım toydan sonra tanış olublar, ancaq o qədər yaxın dost idilər ki. Mən oldum yalan, onlar oldu doğru”.

"Sən hara, mən də ora”

O zaman həkim hərbi hissədə qalmalı idi, əməliyyata getməli deyildi. Amma Ağası bu qəlibi qırıb, Vahidin ardınca döyüş meydanına yola düşüb. Mətanət xanımın sözlərinə görə, onların ilk dəfə həmin zaman sözləri çəp gəlib:

"Hərbçilərin ürəyinin üstündə dəmirdən bir şey olurdu ki, güllə keçməsin. Həmin o dəmirin yanına Vahid uşaqların şəklini qoyurdu. Mayın 7-dən 8-nə keçən gecə döyüşə gedəndə  Vahid o şəkli çıxarıb stolun üstünə qoyub və yoldaşlarına deyib ki, başına bir iş gələcəyi təqdirdə, həmin şəkli ermənilərin əlinə düşməyə qoymasınlar, evə çatdırsınlar. İnanırsınız, o şəkil əzilmiş vəziyyətdə mənə çatdı...
 

 
Həmin gün Ağası da otaqda olub və Vahidin şəkli cibindən çıxardığını görəndə başa düşüb ki, bu ölüm-dirim məsələsidir, ordan gəlməmək söhbəti var. Vahidə onunla getmək istədiyini deyib. Orda olan hərbçilərin danışdığına görə, ilk dəfə ikisinin dalaşdığını görüblər. Vahid Ağasıya deyib ki, evdə kişi xeylağı yoxdur və qadınlar təkdir, mənim başıma bir iş gəlsə, heç olmasa sən qayıt. Qardaşım isə "sən hara, mən də ora” deyərək israr edib. Döyüş yoldaşlarının sözünə görə, Vahid də, Ağası da BTR-in içində olublar və onlar yanmağını görüblər. Lakin qaçıb gəldikdən sonra qardaşımla, həyat yoldaşımın BTR-in içindən çıxa bilib-bilmədiklərini və ya əsir düşüb-düşmədiklərini görə bilməyiblər, amma BTR ermənilər tərəfdə qalıb. İndiyə kimi biz də aqibətlərinin nə olduğunu bilmirik”.

1992-ci ilində may ayından sonra Mətanət xanımın çətin günləri başladı. Anası ilə birlikdə həm qardaşının, həm də həyat yoldaşının sorağını almaq üçün qurumları gəzməyə başladılar. Hərbi hissələr, Qırmızı Xaç Komitəsi, Müdafiə nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, hər yerə üz tutdular – təki bir söz eşitsinlər, bir xəbər alsınlar. Bircə morqlardan başqa...Anası Mətanət xanıma ora getməyə qoymurdu, özü gedirdi:

"Məktublar yazmışıq, müraciətlər etmişik. 2008-ci ildə anam rəhmətə getdi. Həmin ilə qədər biz ikimiz qurumlara gedirdik. Nə yalan deyim, ondan sonra müraciətlərim azaldı. Vaxtilə bir çox işlərdə anam mənə kömək edirdi, amma onun ölümündən sonra ailənin bütün yükü üzərimdə qaldı”.
 
2020-ci il 8 noyabr – Ümidlərin dirçəldiyi gün

Mətanət xanım həmin gün evdə olduğunu və ölkə başçısının çıxışına diqqətlə qulaq asdığını deyir. Onun sözlərinə görə, Prezident Şuşanın azad edildiyini elan edəndə gözləri dolub:

"29 ildir, bizim evimizdə Şuşa söhbəti gedirdi və onun düşməndən geri alınması ümidlərimizi bir az da çoxaltdı. Axı o torpaqlar bizdədi, bəlkə Vahid, qardaşım oralarda basdırılıb. Çünki o zaman dedilər ki, orda ölüb qalanlara quyu qazıblar və meyitləri traktorla quyuya itələyib üstünü örtüblər. Nə vaxtsa onu açıb DNK ilə kimin kim olduğunu tapacaqlar. Eyni zamanda Şuşa türməsi var. Düşünürdüm ki, bəlkə ordadılar. 8 noyabrdan sonra ailəlikcə yenidən köhnə əsirlərlə bağlı müraciətlər etdik. 100 faiz gələcəklərinə inanıram desəm, yalan olar. Amma 30-40 faiz ümid var ki, nəsə ola bilər. Əgər həmin anda Vahid də, Ağası da ölməyiblərsə və ya ermənilər tapıb öldürməyiblərsə, yəqin ki, gəlmə, tapılma ehtimalları var. Adamın ağlına min cür fikir gəlir. Onların ölüm xəbərini eşitmək ehtimalım da çoxdur. Amma qəbirlərinin harda olduğunu da bilmirəm axı. Heç olmasa yerlərini bilim, ziyarət edək. Mənim anam gözü açıq getdi bu dünyadan. Bəlkə də gözümlə görməsəm inanmazdım. Mən onu yumağa girəndə gördüm – gözü açıq idi, nə qədər gözlərini yummağa çalışsaq da, yeni eyni şey olurdu. Ömrünün son anına kimi oğlunu gözlədi. Mən də gözümün yolda qalmasını istəmərəm. Heç olmasa ölümümə bir saat qalmış belə olsa, onların sonrakı taleyinin necə olduğunu bilmək istəyərdim. Ümid get-gedə azalsa da, gözləyirəm, ölənə kimi də gözləyəcəm”.

"Vahid gedəndə mənim ürəyimi də aparıb”

Vahid Məmmədov da, Ağası Hüseynov da tez-tez Mətanət xanımın yuxularını ziyarət edirdi. Hərçənd ki, artıq bu olmur: "Vahidi yuxuda o qədər əyani görürdüm ki... Sanki iyi burnuma gəlirdi. Mən ayılanda onu görmədiyimə təəccüblənirdim. Yuxu yox, həqiqət olduğunu zənn edirdim. Bu ancaq 5-10 il davam etdi. Mənə bəzən sual verirlər ki, niyə yenidən ailə qurmamısan. Bir cavabım var – Vahid gedəndə mənim ürəyimi də aparıb. Ondan sonra qabağıma ancaq uşaqları böyütməyi, yerbəyer etməyi məqsəd qoymuşam”.


 
Elə də oldu. Mətanət xanım iki oğlunu böyütdü, yerbəyer etdi. Kiçik oğlu Rüfət mühəndis, böyük oğlu Cavid isə farmokoloq oldu. Mətanət xanımın sözlərinə görə, iki qardaş bir-birindən tamamilə fərqlənir – biri sanki atası, biri isə qardaşıdır. Rüfət atası kimi mülayim, yumşaq, Cavid isə dayısı kimi mübariz, sərt. Sanki həyat ailədən ikisini alsa da, ikisini də əvəz kimi verib. Hətta Mətanət xanımın anası da böyük nəvəsinə düşkün imiş, onunla nəfəs alır, bir növ özünü bununla ovudurmuş. Elə ömrünün son anına kimi də Cavidə oğlu kimi baxırmış.

Vahid Məmmədov hər zaman həyat yoldaşı ilə danışanda Şuşanın gözəlliyindən söz açar, ona buradan ev almaq istədiyini, ailəsini, uşaqlarını bura gətirmək arzusu olduğunu deyərdi. İndi uğrunda savaşdıqları həmin Şuşa yenidən oyanır, özü ilə birlikdə ölən ümidləri də oyadır. Ümid edirik ki, gün gələcək bu ailənin də gözü yollardan çəkiləcək, gedənlər elə həmin yolla da geri dönəcək.
 
Söhbətləşdi: Günay Rəsulqızı
Foto: Səbuhi Elnur
 

 
 
 
 

OXŞAR XƏBƏRLƏR

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...