Ərdoğan kürəkənini Trampın yanına niyə göndərdi? - Sirli görüşün gizlinləri

Ərdoğan kürəkənini Trampın yanına niyə göndərdi? - Sirli görüşün gizlinləri


"Albayrakın səfərinin Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşmasına töhfə verəcəyi qənaətində deyiləm”


Sfera.az-a açıqlamasında bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, maliyyə naziri Berat Albayrakın Vaşintona gələrək burada ABŞ prezidenti Donald Tramp tərəfindən qəbul edilməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib.


Həmsöhbətimizin fikrincə, Albayrak nəyisə həll etmək gücündə deyil: "ABŞ prezidentinin heç kimin gözləmədiyi halda Türkiyənin maliyyə naziri, həm də Ərdoğanın kürəkənini qəbul etməsindən təəccübləndim. Ondan bir müddət əvvəl Ərdoğan nümayişkəranə surətdə Rusiyaya gedərək S-400 raketlərinin vəd edilən vaxtdan əvvəl verilməsini xahiş etdi, Putin də ona müsbət yanaşdı. Həmin anda Pompeo bildirdi ki, belə hərəkət edən ölkəyə NATO-da yer yoxdur. ABŞ-da yaxşı bilirlər ki, Ərdoğanın kürəkəni olan maliyyə naziri Albayrak bir növ baş nazir funksiyasını icra edir. Onu bir elçi kimi ABŞ-a göndəriblər və Tramp da onu qəbul edib. Trampla Albayrak arasında olan söhbətə gəldikdə onun nəyisə həll edəcəyi qənaətində deyiləm. Sadəcə burada bir fikir alış-verişi ola bilər.


Ekspert iddia edildiyinin əksinə olaraq, həmin görüşdə F-35 təyyarələrinin taleyinin həll olunacağına inanmır: "İnanmıram ki, İstanbulda cərəyan edən seçki prosesi başa çatmamış, Rusiya ilə S-400 məsələsi tam olaraq həll edilmədən ABŞ belə asanlıqla Türkiyəyə güzəştə getməyə başlasın. Əksinə, münasibətlər kəskinləşməkdə davam edir. Albayrak siyasi baxımdan o qədər də təcrübəsi olmayan, biznes sahəsindən gələn gənc nəslin nümayəndəsidir. Yəni başı daşdan-daşa dəymiş siyasətçi deyil. Hər halda Tramp və onun ətrafındakılar Albayrakla münasibət qurmaq və yaxud müəyyən vədlər verməklə ustalıqla ondan bəzi sirləri qoparmağa çalışırlar. Bütün hallarda Albayrakın səfərinin Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşmasına töhvə verəcəyini zənn etmirəm. Məsələ gərgindir və bu gərginlik daha da dərinləşir. Ərdoğan heç olmasa ABŞ-a münasibətdə müəyyən ifadələr işlətməyi dayandırmalıdır. Təəssüf edirəm ki, Türkiyənin ABŞ və NATO ilə münasibətləri pisləşməkdə davam edir”.


Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın qəfil Ağ Evdə Türkiyənin maliyyə naziri və prezident Rəcəb Tayyub Ərdoğanın kürəkəni Beraat Albayrakı qəbul edib. Özü də bu qəbul Ankara ilə Vaşinqton arasında S-400 məsələsilə əlaqədar münasibətlərin gərginləşməsi fonunda baş verib. Pentaqon və vitse-prezident Türkiyəni sanksiya tətbiq edəcəyi, onu NATO-dan çıxaracaqları ilə hədələyib. Belə bir vəziyyətdə sözügedən məsələdə vitse-prezident və Pentaqon rəhbərliyindən fərqli olaraq məsələyə bir qədər sakit tərzdə yanaşan Tramp Ərdoğanın kürəkəni olan maliyyə nazirini qəbul edir.

 

 

ELÇİN

 

OXŞAR XƏBƏRLƏR