Logo

Braziliyada maaşdan tutulma olmadan həftədə 5 günlük iş rejiminə keçilir

Braziliyada maaşdan tutulma olmadan həftədə 5 günlük iş rejiminə keçilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Braziliyada işçilərin əməkhaqqı azaldılmadan həftəlik iş günlərinin sayının 5-ə endirilməsi və iki günlük istirahət hüququnun təmin olunması istiqamətində yeni mərhələyə başlanılır.

Sfera.az xəbər verir ki, Braziliya Prezidenti Lula da Silva əməkhaqqında heç bir azalma olmadan həftədə 5 iş günü və 2 istirahət gününü nəzərdə tutan, eyni zamanda həftəlik iş saatlarının mərhələli şəkildə azaldılmasını müəyyən edən fərmanı imzalayıb.

Yeni qərar oktyabr ayında Konqres tərəfindən təsdiqlənən konstitusiya dəyişikliyinin tətbiq qaydalarını və yeni iş rejiminə keçid prosesini müəyyənləşdirir.

Fərmana əsasən, həftəlik maksimum iş vaxtı 2026-cı il dekabrın 16-dan etibarən 44 saatdan 42 saata, 2027-ci il dekabrın 16-dan isə 40 saata endiriləcək.

Hər iki mərhələdə işçilərin həftədə iki gün istirahət etmək hüququ olacaq. Braziliyanın paytaxtı Brazilia şəhərindəki Planalto Sarayında keçirilən imzalanma mərasimində çıxış edən Lula da Silva dəyişikliklərin əsas məqsədinin əmək münasibətlərini daha humanist etmək, işçilərə layiqli münasibəti və kifayət qədər istirahət imkanını təmin etmək olduğunu bildirib.

Əmək və Məşğulluq naziri Luiz Marinho isə vurğulayıb ki, yeni iş rejiminə keçid zamanı heç bir işçinin əməkhaqqı azaldıla bilməz. Eyni zamanda, müxtəlif peşə qrupları üzrə müəyyən edilmiş minimum əməkhaqqı səviyyələri də qorunacaq.

Məlumata görə, hazırda Braziliyada 14,8 milyon işçi həftədə 6 gün işləyərək cəmi bir gün istirahət edir. Daha 21,7 milyon nəfər isə həftədə 5 gün işləsə də, ümumilikdə 44 saatlıq iş qrafikinə əməl edir.

Yeni qərarın qüvvəyə minməsi ilə ölkədə iş vaxtının mərhələli şəkildə azaldılması və işçilərin istirahət imkanlarının genişləndirilməsi nəzərdə tutulub.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR