Tayvan müqabilində İran: Çin və ABŞ razılaşa bilərmi?
Çin hökuməti "Vahid Çin" prinsipi və 1992-ci il Konsensusu əsasında birləşərək vahid dövlətə çevrilməsi mövzusunda Tayvanla dialoqa hazırdır. Bu barədə Çin Sədri Si Cinpin deyib.
Qeyd edək ki, Çinin bütün səylərinə baxmayaraq Tayvanla birləşməyə ABŞ-nin qeyri-rəsmi şəkildə qarşı olduğu bildirilir.
İddialara görə, Çinin beynəlxalq səviyyədə bəzi məsələlərdə ABŞ-yə qarşı müxalif olmasının əsas səbəblərindən biri məhz Tayvan məsələsi ilə bağlıdır. Pekin bu məsələdə ABŞ-dən dəstək istəsə də, istəyinə nail ola bilmir.
Bəs ABŞ bu məsələdə Çinə güzəşt etməklə İran və Ukrayna məsələsində rəsmi Pekinin dəstəyini ala bilərmi?
Politoloq Aytən Qurbanova Sfera.az-a açıqlamasında deyib ki, Çinin Tayvanla yenidən birləşmə məsələsində dialoqa hazır olduğunu bəyan etməsi Pekinin uzunmüddətli strateji hədəflərini yenidən beynəlxalq gündəmə gətirir:
“Çin Tayvan məsələsini yalnız ikitərəfli münasibətlər kontekstində deyil, milli suverenlik və ərazi bütövlüyü məsələsi kimi qiymətləndirir. ABŞ-nin Tayvan məsələsində müəyyən güzəştlər müqabilində Pekinin İran və Ukrayna münaqişələrinin həllində dəstəyini qazanması ilk baxışdan mümkün görünə bilər. Lakin strateji baxımdan Vaşinqtonun Tayvan siyasətində ciddi dəyişiklik etməsi o qədər də real deyil. Çünki Tayvan ABŞ üçün yalnız Çinlə münasibətlərin bir elementi deyil, həm də Asiya-Sakit okean regionunda qüvvələr balansının və regional nüfuzunun qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
ABŞ-nin Tayvana hərbi dəstəyi tam dayandırması mövcud təhlükəsizlik strategiyası ilə ziddiyyət təşkil edə bilər. Bu addım Yaponiya, Cənubi Koreya və Filippin kimi tərəfdaşların Vaşinqtona etimadına da mənfi təsir göstərə bilər”.
Politoloq bildirib ki, İran məsələsində ABŞ və Çin arasında ortaq maraqların uzlaşdırılması üçün daha əlverişli şərait mövcuddur:
“Çin İranla enerji və ticarət əlaqələrinin qorunmasında maraqlıdır. Bununla yanaşı, Yaxın Şərqdə uzunmüddətli münaqişələr Pekinin enerji təhlükəsizliyinə və beynəlxalq ticarət marşrutlarına ciddi risklər yaradır. Bu baxımdan Çin Vaşinqtonla Tehran arasında danışıqların bərpasına və nüvə probleminin diplomatik yolla həllinə töhfə verə bilər. Lakin Pekinin İranla münasibətlərindən imtina edərək ABŞ-nin regional siyasətini tam dəstəkləyəcəyini gözləmək real deyil”.

A.Qurbanova qeyd edib ki, Ukrayna məsələsində vəziyyət daha mürəkkəbdir:
“Ukrayna məsələsində vəziyyət daha mürəkkəbdir. Çünki bu münaqişə Çinin Rusiya ilə strateji tərəfdaşlığı və Qərblə münasibətləri ilə birbaşa bağlıdır. Çin müharibənin uzanmasının qlobal iqtisadiyyata, enerji və ərzaq təhlükəsizliyinə mənfi təsirlərini nəzərə alsa da, Moskva ilə münasibətlərini zəiflətməkdə maraqlı deyil. Pekin atəşkəs və siyasi dialoq çağırışlarını dəstəkləyə bilər. Lakin Rusiyanın strateji maraqlarını nəzərə almadan ABŞ-nin mövqeyinə uyğun siyasət yürütməsi gözlənilmir”.
Ekspert vurğulayıb ki, ABŞ və Çin arasındakı rəqabət yalnız Tayvan, İran və Ukrayna məsələləri ilə məhdudlaşmır:
“Texnologiya, yarımkeçiricilər, süni intellekt və qlobal ticarət sahələrində rəqabət də iki ölkənin münasibətlərinə ciddi təsir göstərir. Vaşinqton Tayvan siyasətində müəyyən taktiki yumşalmaya gedə bilər. Lakin bunun müqabilində Çindən İran və Ukrayna məsələlərində həlledici dəstək alacağına təminat yoxdur. İran istiqamətində qarşılıqlı anlaşma ehtimalı nisbətən yüksək olsa da, Ukrayna məsələsində Rusiyanın Pekin üçün strateji əhəmiyyəti ciddi məhdudlaşdırıcı amildir.
Nəticə etibarilə, tərəflər arasında ayrı-ayrı məsələlər üzrə razılaşmalar mümkün olsa da, fundamental strateji maraqlardan qarşılıqlı şəkildə imtina edilməsi real görünmür”.
Şahanə Ziyad






