Sabah dünyanın sonu olacaq?
Hələ 66 il bundan öncə üç fizik 2026-cı il noyabrın 13-ü, cümə günündə dünyanın sonu olacağını proqnozlaşdırıb.
Sfera.az xəbər verir ki, Almaniyanın "Der Spiegel" nəşri 1960-cı ildə "Science" elmi jurnalında dərc edilmiş araşdırmaya istinadən bu barədə məlumat yayıb.
Bu qeyri-adi fərziyyənin müəllifləri avstriyalı mütəxəssis Haynts fon Förster və onun İllinoys Universitetindəki iki həmkarı olublar.
Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, Yer kürəsində əhalinin sürətlə çoxalması bəşəriyyətin məhvinə gətirib çıxara bilər. Onların apardığı hesablama göstərirdi ki, insan sayının ikiqat artması üçün tələb olunan müddət davamlı olaraq azalır. Əgər bu proses eyni templə davam etsəydi, 2026-cı ilə qədər planet əhalisinin sayı nəzəri baxımdan sonsuzluğa çatmalı idi.
Maraqlıdır ki, alimlər əvvəlcə qiyamətin dəqiq tarixini müəyyən etməmişdilər. Onların hazırladığı düstur yalnız bir neçə il xəta payı ilə 2026-cı ili göstərirdi. Buna görə də fon Förster həm də öz doğum günü ilə üst-üstə düşən 13 noyabr tarixini seçmək qərarına gəlib.
Müasir tədqiqatçılar isə deyirlər ki, həmin riyazi model sadəcə konkret bir tarixi dövrə aid edilə bilər. Hazırda Yer üzündə təxminən 8.3 milyard insan yaşayır və əhalinin artım sürəti hiss olunacaq dərəcədə yavaşlayıb.\\oxu.az






