Uitkoff Putinlə nələri müzakirə edib? - Uşakovdan AÇIQLAMA
Rusiya ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqları noyabr ayında yenidən başlatmağa hazırdır. Bu barədə Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov bildirib.
Sfera.az xəbər verir ki, Uşakov Sankt-Peterburqdakı Konstantin sarayında Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən görüşlə bağlı açıqlama verib.
Onun sözlərinə görə, üç saat davam edən görüş əhatəli və açıq müzakirələrlə yadda qalıb. Trampın kürəkəni Cared Kuşner isə səhhəti ilə əlaqədar görüşə onlayn qatılıb.
Uşakov bildirib ki, Uitkoff Putinə Osloda Ukrayna Prezidenti Volodimir Zelenski, bəzi Avropa liderləri, NATO və Avropa Komissiyasının nümayəndələri ilə apardığı danışıqlar barədə məlumat verib. Bununla belə, Kremlin müşaviri Avropa və Kiyevin yeni yanaşmalarında Ukrayna böhranının həllinə töhfə verə biləcək məqamların az olduğunu iddia edib.
Onun sözlərinə görə, görüşün əsas mövzusu Ukrayna ətrafındakı vəziyyət və davamlı sülhə nail olmağın yolları olub. Putin ABŞ-nin tərəflər arasında qarşılıqlı məqbul həll yollarının tapılması istiqamətində vasitəçilik səylərini müsbət qiymətləndirib.
Uşakovun sözlərinə görə, Putin Uitkoffa Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların noyabrın 10-u yenidən başlanmasına prinsipcə hazır olduqlarını bildirib. Danışıqlarda əsas diqqətin münaqişə başa çatdıqdan sonra Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin yaradılmasına yönəldilməsi nəzərdə tutulur.
Görüş zamanı Putin ABŞ-nin bir sıra müraciətlərini nəzərə alaraq, Rusiyada muzdlu döyüşçülük ittihamı ilə məhkum edilmiş ABŞ vətəndaşı Stiven Habberdi humanitar əsaslarla əfv edib. Uşakovun bildirdiyinə görə, Habberd ABŞ-yə qayıtması üçün Sankt-Peterburqdakı Pulkovo hava limanında Uitkoffa təhvil verilib. Tərəflər həmçinin Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü ilə bağlı razılaşmaların icrasını müzakirə ediblər.
Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən hadisələr də görüşün gündəliyində yer alıb. Uşakovun sözlərinə görə, Putin diplomatik imkanların hələ tükənmədiyini və Tehranla razılaşmanın mümkün, eyni zamanda zəruri olduğunu vurğulayıb.
Bundan əlavə, noyabrda Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşünün keçirilməsi ehtimalı da müzakirə olunub.
İradə Elsevər






