Logo

ABŞ İranla müharibəyə hazırlaşır - Rusiya güzəşt edəcəkmi?

ABŞ İranla müharibəyə hazırlaşır - Rusiya güzəşt edəcəkmi?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ və İsrailin noyabrın 3-də keçiriləcək Konqres seçkilərindən sonra İrana qarşı yeni hərbi əməliyyatlara başlaya biləcəyi barədə iddialar gündəmə gəlib. “The New York Times” nəşrinin ABŞ rəsmiləri və digər mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqtonun bölgədə hərbi fəallığını artırması mümkün hücumla bağlı müzakirələri gücləndirib. Digər tərəfdən, ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin həllində Moskva ilə mümkün razılaşma müqabilində İran məsələsində güzəştə gedə biləcəyi də müzakirə olunur.

Bəs ABŞ-nin Ukrayna məsələsində güzəştləri qarşılığında Rusiya İrana dəstəyini dayandıra bilərmi?

Siyasi şərhçi Taleh Əliyev Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyat planı heç vaxt tamamilə gündəmdən çıxmayıb, sadəcə müəyyən müddət ərzində bu istiqamətdə fasilə yaranıb.

Onun sözlərinə görə, son dövrlərdə ABŞ-nin Yaxın Şərqə əlavə hərbi qüvvələr, xüsusilə dəniz donanması və hərbi texnika göndərməsi, eləcə də bölgədəki diplomatik nümayəndəliklərin əməkdaşlarına xidmət yerlərini tərk etmələri ilə bağlı çağırışların edilməsi mümkün hərbi eskalasiya ehtimalını artırır:

“İsrailin baş naziri tərəfindən İranda hakimiyyət dəyişikliyi ilə bağlı səsləndirilən fikirlər, həmçinin bu məsələnin ABŞ prezidenti ilə müzakirə edildiyinə dair məlumatlar diqqət çəkir. Mümkün əməliyyatlar zamanı hədəfə alınacaq strateji obyektlərin siyahısının müzakirə olunması da hazırlıq prosesinin getdiyini göstərən məqamlardandır”.

Siyasi şərhçi hesab edir ki, hərbi əməliyyatlar noyabrın 3-dən sonra başlaya bilər. Bununla belə, o, İranın vəziyyətin ciddiləşdiyini nəzərə alaraq həmin tarixədək qabaqlayıcı və ya cavab xarakterli addımlar ata biləcəyini də istisna etməyib.

ABŞ İranla müharibəyə hazırlaşır - Rusiya güzəşt edəcəkmi?

T.Əliyev qeyd edib ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Ukraynaya maliyyə və hərbi dəstəyin əsas ağırlığı tədricən Avropa ölkələrinin üzərinə keçib. Onun fikrincə, buna görə də ABŞ prezidentinin istəyi ilə müharibənin gedişatını qısa müddətdə Rusiyanın xeyrinə dəyişmək mümkün deyil:

“Trampın Ukrayna ilə bağlı açıqlamalarının bəzən əks-effekt yaratdığını müşahidə etmək mümkündür. Belə ki, ABŞ-də Ukraynaya dəstək və Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanunvericilik təşəbbüsləri gündəmə gəlir, Avropa ölkələri isə Kiyevə maliyyə və hərbi yardımı davam etdirirlər. Bütün bunlar Vaşinqtonun Ukrayna məsələsində Moskva ilə istənilən şərtlərlə razılaşmasının qarşısında siyasi və institusional maneələrin olduğunu göstərir. Rusiya da Ukrayna münaqişəsində mümkün razılaşma müqabilində İranla bağlı ABŞ-nin gözləntilərini yerinə yetirməyə bilər”.

Siyasi şərhçi İranın hərbi imkanlarının bərpasında Rusiya və Çinin dəstəyinin roluna diqqət çəkib. O deyib ki, 40 günlük müharibənin başa çatmasından sonra İranda hərbi strukturların növbəti mümkün qarşıdurmaya hazırlığı ilə bağlı proseslər davam edir:

“Bu amillər İran ətrafında vəziyyətin yenidən gərginləşməsi ehtimalını artırır. Rusiya-Ukrayna müharibəsi ilə bağlı Vaşinqton və Moskva arasında mümkün razılaşmanın İran məsələsinə təsiri məhdud ola bilər. Bununla yanaşı, ABŞ və İsrailin İrana qarşı yeni hərbi əməliyyat keçirəcəyi barədə iddiaların nə dərəcədə reallaşacağı, eləcə də bunun regionda hansı nəticələrə səbəb olacağı yaxın dövrdə diqqət mərkəzində qalacaq”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR