Sİ-nin aşkarladığı boşluq Avropada dövlət saytlarını çökdürdü
Avropada və dünyanın bir sıra ölkələrində dövlət qurumlarının internet saytları kibertəhlükəsizlik risklərinə görə fəaliyyətini dayandırıb. Buna geniş istifadə olunan PHP proqramlaşdırma dilində illərlə gizli qalmış kritik boşluqların aşkarlanması səbəb olub.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
PHP proqramlaşdırma dilinin tərtibatçıları oktyabrın 21-də təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün təcili yeniləmələr yayımlayıb və istifadəçiləri proqram təminatını dərhal yeniləməyə çağırıblar.
Kibertəhlükəsizlik şirkətləri bəzi hakerlərin boşluqlardan artıq istifadə etməyə çalışdıqları barədə xəbərdarlıq ediblər. Mütəxəssislər hesab edirlər ki, zəifliklərin aradan qaldırılması üçün yeniləmələr ictimaiyyətə açıqlandıqdan sonra hücumların sayı arta bilər. Süni intellekt alətləri boşluqların təhlilini və onlardan istifadə üsullarının müəyyənləşdirilməsini sürətləndirir.
Kibertəhlükəsizlik üzrə mütəxəssis Kostin Rayunun sözlərinə görə, hazırda hakerlər və müdafiə tərəfi arasında boşluqlardan istifadə və onların aradan qaldırılması uğrunda yarış gedir. O, növbəti mərhələdə internetdəki həssas serverlərin kütləvi şəkildə ələ keçirilməsi riskinin yarana biləcəyini bildirib.
PHP 1990-cı illərin əvvəllərindən istifadə olunan proqramlaşdırma dilidir. O, WordPress, Drupal, Joomla və Magento kimi geniş yayılmış platformaların fəaliyyətində mühüm rol oynayır. Buna görə də həmin proqramlaşdırma dilindəki kritik boşluqlar çoxsaylı internet resursları üçün təhlükə yaradır.
İnternet kəşfiyyatı ilə məşğul olan Censys şirkətinin məlumatına görə, PHP istifadə edən 2,6 milyon serverdən təxminən 1,5 milyonu hələlik təhlükəsizlik yeniləməsi mövcud olmayan versiyalarla işləyir.
Niderlandın Kibertəhlükəsizlik üzrə Milli Mərkəzi risklərə görə öz internet resursunu da müvəqqəti olaraq bağlayıb. “Vikipediya”nın operatoru təhlükəsiz yeniləmələr tətbiq edilənədək bəzi sistemlərini dayandırdığını bildirib. “Internet Archive” onlayn kitabxanası da problemin aradan qaldırılması üçün fəaliyyətini qısa müddətə dayandırıb.
Niderlandda Rotterdam limanının, Overheid.nl dövlət portalının, ölkənin futbol assosiasiyasının, beş ən böyük siyasi partiyasının saytlarının və bir sıra xəstəxanaların internet resursları da müvəqqəti bağlanıb.
Danimarkada bir neçə rəqəmsal xidmət, o cümlədən məktəblərlə əlaqə platforması dayandırılıb. Finlandiyada dövlətin internet xidmətləri ehtiyat tədbiri kimi şəbəkədən çıxarılıb. Fransanın Daxili İşlər Nazirliyi isə bütün saytlarını profilaktik texniki xidmət rejiminə keçirib.
İki kibertəhlükəsizlik şirkəti PHP-dəki boşluqların süni intellektin köməyi ilə müstəqil şəkildə aşkarlandığını bildirib.
Calif şirkəti böyük dil modelindən istifadə etməklə problemi avqustun 1-də müəyyən etdiyini açıqlayıb. “Google”a məxsus Wiz şirkəti isə boşluqların aşkarlanmasında özünün avtonom süni intellekt alətindən, eləcə də “Google Gemini” və “OpenAI GPT” modellərindən yararlandığını bildirib.
Şirkətlərin məlumatına görə, boşluqlar PHP kodunda on ildən çox müddət ərzində gizli qalıb. Onların aşkarlanması və istismarı əvvəllər insan mütəxəssislər üçün daha mürəkkəb hesab olunurdu. Süni intellekt isə bu prosesi sürətləndirərək hücumların daha geniş miqyasda həyata keçirilməsi ehtimalını artırıb.
“Amazon”un təhlükəsizlik rəhbəri Cey Cey Moses də şirkətin oktyabrın 17-də, boşluqlar ictimaiyyətə açıqlanmamışdan dörd gün əvvəl, sınaq məqsədilə yaradılmış qorunan sisteminə hücum cəhdini qeydə aldığını bildirib. Onun sözlərinə görə, açıqlamadan əvvəl də bir neçə cəhd müşahidə olunub. Bununla belə, həmin cəhdlərin real internet saytlarına qarşı uğurlu olub-olmayacağı məlum deyil.
Mütəxəssislər PHP ilə işləyən saytların administratorlarını təhlükəsizlik yeniləmələrini dərhal tətbiq etməyə, bunu mümkün etməyənlərə isə risk aradan qaldırılanadək saytları müvəqqəti bağlamağı nəzərdən keçirməyə çağırıblar.
Fatimə
Sfera.az






