ABŞ-nin üçtərəfli görüş təklifi: Bu variant münaqişəni dayandıracaq?
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda Prezident Vladimir Putinlə keçirəcəyi görüşdə Ukrayna-Rusiya münaqişəsinin həlli üçün üçtərəfli danışıqların keçirilməsini təklif edəcək. Onun təklifinə əsasən, ABŞ və Rusiya arasında danışıqlara Ukrayna da qoşulmalıdır. ABŞ hesab edir ki, üçtərəfli görüş münaqişənin həllinə kömək edəcək.
Hazırda Moskva ilə Kiyev arasında ərazi məsələsinə görə kəskin fikir ayrılıqları var. Eləcə də Avropa Ukraynaya güzəştə getməmək üçün dəstəyini davam etdirir.
Maraqlıdır ki, belə vəziyyətdə üçtərəfli görüş münaqişənin dayandırılmasına imkan yarada bilərmi?
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsinin dayandırılması istiqamətində vasitəçilik missiyası artıq iflasa uğramış prosesdir.
Onun sözlərinə görə, Tramp münaqişə tərəflərini ədalətli sülhə yaxınlaşdıracaq ciddi nəticələr əldə edə bilməyib.
Politoloq hesab edir ki, əksinə, ABŞ prezidentinin mövqeyi müharibənin uzanmasına təsir göstərən amillərdən biridir:
“Vaşinqtonun Rusiyanın maraqlarına uyğun yanaşması Moskvanın Ukraynada işğalçılıq siyasətini davam etdirməsinə şərait yaradır. Əgər Donald Tramp və ümumiyyətlə, Amerika Birləşmiş Ştatları ədalətli sülh istəmiş olsaydı, beynəlxalq hüquq normalarını dəstəkləyərdi”.

Xalidbəylinin fikrincə, beynəlxalq hüququn tələblərinə uyğun sülh Ukraynanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qorunmasını, Rusiyanın isə işğal etdiyi ərazilərdən qoşunlarını çıxarmasını nəzərdə tutmalıdır. O hesab edir ki, yalnız bu şərtlərlə ədalətli sülh razılaşmasına nail olmaq mümkündür:
“Hazırkı vəziyyətdə həm Rusiya, həm də ABŞ Ukraynadan ərazi güzəştlərinə getməyi tələb edir, rəsmi Kiyev isə öz ərazilərini Rusiyaya vermək niyyətində deyil. Bu fikir ayrılıqları üçtərəfli görüşün keçirilməsi ehtimalını azaldır. Belə bir görüş baş tutsa belə, Ukraynanın ABŞ və Rusiyanın irəli sürəcəyi şərtləri qəbul edəcəyi inandırıcı görünmür”.
Ekspert yaxın vaxtlarda Moskva və Vaşinqtonun tələbləri çərçivəsində sülhə nail olunmasını real hesab etmir. O, bu prosesdə Avropa ölkələrinin mövqeyinə də diqqət çəkib:
“ABŞ-nin Ukraynaya dəstəyini azaltması və Kiyevə təzyiq göstərməsi fonunda Avropa dövlətləri Rusiyanın Ukraynada dayandırılması məqsədilə dəstəyi davam etdirmək niyyətindədirlər. Avropa ölkələri Ukraynaya yardım göstərərkən ciddi çətinliklərlə üzləşsələr də, gələcəkdə Rusiya ilə daha genişmiqyaslı müharibə təhlükəsinin qarşısını almaq üçün Moskvanın məhz Ukraynada dayandırılmasını vacib sayırlar. Mövcud şəraitdə sülh danışıqlarının real nəticə verməsi çətin görünür. Ukraynanın ərazi güzəştlərinə razılaşmadığı müddətdə münaqişənin hazırkı şərtlər əsasında həllinə nail olmaq mümkün olmayacaq”.
İradə Elsevər






