Makrondan təcili çağırış: Parisdəki etirazlar müzakirə olunacaq
Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən kütləvi etirazlarla bağlı nazirlərlə təcili iclas keçirəcək. Yelisey sarayında baş tutacaq görüşdə Baş nazir Sebastyan Lekornü, daxili işlər naziri Loran Nunyes və milli təhsil naziri Eduar Jeffre iştirak edəcəklər.
Makronun məhz indiki mərhələdə nazirlərlə görüş keçirməsi ölkədəki sosial-siyasi gərginliyin artması və hökumətin vəziyyəti nəzarətdə saxlamaq cəhdləri fonunda diqqət çəkir.
Bəs Fransa Prezidenti bu addımla hansı mesajı verir və vəziyyəti sabitləşdirmək üçün hansı addımları ata bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Fransada son dövrlərdə yenidən kütləvi etiraz aksiyaları keçirilir və əhali hökumətin həyata keçirdiyi siyasətdən narazılığını ifadə edir.
Onun sözlərinə görə, narazılığın ciddi həddə çatması Fransa hökumətini də narahat edən əsas məsələlərdəndir:
“Fransada son dövrlərdə yenidən kütləvi etiraz aksiyaları keçirilir və əhali hökumətin apardığı siyasətdən narazılığını ifadə edir. Bu narazılıq kifayət qədər ciddi səviyyəyə yüksəlib və bu da hökuməti narahat edir.
Nəzərə alsaq ki, Fransada gələn il seçkilər keçiriləcək, Makronun hazırda reytinqi kifayət qədər aşağıdır. Faktiki olaraq, onun hakimiyyətdən getməsindən sonra partiyasının da seçkilərdə ağır məğlubiyyətə uğrama ehtimalı yüksəkdir”.

Politoloq qeyd edib ki, Makron mövcud vəziyyətdən çıxmaq və siyasi mövqelərini qorumaq üçün müəyyən addımlar atmağa çalışır:
“Bu vəziyyətin qarşısını almaq üçün Makron müəyyən addımlar atmaqla vəziyyəti xilas etmək istəyir. Bu baxımdan, baş nazirin iştirakı ilə nazirlərlə birgə toplantı keçirərək ölkədəki vəziyyəti müzakirə edəcək və sabitliyin yaradılması üçün hansı addımların atılmasını nəzərdən keçirəcək.
Yaranmış vəziyyəti müzakirə etmək üçün prezidentin yanında belə bir toplantının keçirilməsi təbii qarşılanmalıdır”.
Oqtay Qasımovun sözlərinə görə, Makronun əsas narahatlığı onun aşağı reytinqi və qarşıdakı seçkilərlə bağlı yaranmış qeyri-müəyyənlikdir:
“Makronun narahatlığı ondan ibarətdir ki, hazırda onun reytinqi kifayət qədər aşağıdır və seçkilərdə onun dəstəkləyəcəyi namizədin qalib gəlməsi ehtimalı olduqca zəifdir. Bu baxımdan, o da vəziyyətdən çıxmaq və qarşıdakı dövrdə seçkilərdə müəyyən nəticə əldə etmək üçün müxtəlif addımlar atmaqla vəziyyəti xilas etməyə çalışır”.
Firuzə Əliyeva






