Yəmən paytaxtın azad edilməsi üçün əməliyyata başladı

Yəmən Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi husilərə qarşı mübarizə və ölkənin paytaxtı Sənanın onların nəzarətindən azad edilməsi məqsədilə “Yəmənin sübhü” adlı əməliyyatın başladığını elan edib.
Sfera.az xəbər verir ki, əl-Əlimi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, əməliyyatın məqsədi dövlət institutlarını bərpa etmək, paytaxt Sənanı azad etmək və husi terrorçularının üsyanına son qoymaqdır. “Yəmənin sübhü” əməliyyatının başladığını açıqlayan əl-Əlimi ölkədə husilərin nəzarətində olan ərazilərin geri qaytarılmasının əsas hədəflərdən biri olduğunu vurğulayıb.
“Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, Yəmən ordusu bazar ertəsi Bab əl-Məndəb boğazı yaxınlığında husilərin mövqelərinə zərbələr endirib. Qeyd edək ki, Yəmən lideri bir gün əvvəl də husilərin nəzarətində olan ərazilərin geri qaytarılması məqsədilə genişmiqyaslı hərbi əməliyyata başlanıldığını açıqlamışdı.
Firuzə Əliyeva






