Estoniya narahatdır: Rusiya ilə sərhəddə qoşun yığır

Estoniya Rusiya ilə sərhədə yaxın ərazilərə elit hərbi hissələrini və qoşun birləşmələrini yerləşdirməyə başlayıb. Baltikyanı respublikanın Rusiyaya yaxın ərazilərə hansı səbəbdən qoşun yerləşdirməsi rəsmi qaydada açıqlanmayıb. Bəzi analitiklər bunu Rusiyanın mümkün hücumuna qarşı hazırlıq məqsədi daşıdığını iddia edirlər.
Bəs bu addım Rusiya-Estoniya münasibətlərində hansı dəyişikliklərə səbəb ola bilər?
Politoloq Natiq Miri Sfera.az-a açıqlamasında bildirib ki, Rusiya NATO-ya qarşı açıq müharibə elan etməsə də, hibrid müharibə və müxtəlif hərbi təxribatlar davam edir.
Onun sözlərinə görə, NATO ölkələrinin ərazisində müxtəlif dron insidentlərinin baş verməsi, strateji və hərbi obyektlərin təhdid olunması hibrid mübarizənin tərkib hissəsidir:
"NATO da son aylarda Rusiya ilə bağlı hava məkanı pozuntuları və dron insidentlərinin artdığını açıqlayıb. Perspektivdə NATO-nun və Avropa İttifaqı ölkələrinin Ukrayna müharibəsini dayandırması, xüsusilə maliyyə və hərbi yardımı azaltması üçün Rusiyanın bu cür hərbi təzyiqlərə ehtiyac duyduğunu düşünürəm. Bir tərəfdən Avropa İttifaqının şərq cinahında, Polşa və Rumıniya istiqamətində hərbi təxribatlar davam edir. Digər istiqamətdə isə Rusiya NATO-nun və Avropa İttifaqının ən zəif bəndi hesab etdiyi Baltikyanı ölkələri təhdid edir”.
N.Mirinin fikrincə, Estoniya, Latviya və Litvanın kiçik dövlətlər olması Rusiyanın onları potensial olaraq daha həssas istiqamət kimi qiymətləndirməsinə səbəb ola bilər:
“Bu səbəbdən Baltikyanı regionda NATO-nun hava və quru müdafiə imkanları gücləndirilir. NATO da Baltik regionunda hava hücumundan müdafiə imkanlarını və şərq cinahındakı hərbi mövcudluğunu artırdığını bildirir. Regionda əsas məqsədlərdən biri mümkün dron hücumlarının qarşısının alınması və Rusiya hərbi aviasiyasının hava məkanını pozmasına imkan verilməməsidir. Digər tərəfdən, Rusiyadan hər hansı “yaşıl adamcıqların”, kəşfiyyatçıların və ya ordu hissələrinin Krımda olduğu kimi Baltikyanı ölkələrə – Estoniya, Latviya və Litvaya sızmasının qarşısını almaq üçün elit qruplaşmalar sərhəddə yerləşdirilir. Bu, artıq bir nömrəli hazırlıqdır və NATO-nun Rusiya ilə istənilən qarşıdurmaya hazırlaşdığını nümayiş etdirir”.

Politoloq deyib ki, Rusiya ilə NATO arasında qarşıdurma ehtimalı mövcuddur, lakin bunun uzunmüddətli müharibəyə çevrilməsi ehtimalı aşağıdır:
“Rusiya Ukrayna cəbhəsində ciddi resurs itkisi ilə üzləşib. Paralel olaraq ikinci cəbhənin açılması Rusiya iqtisadiyyatının əlavə yükü daşıyıb-daşımayacağı məsələsini ortaya çıxarır. Ona görə də söhbət daha çox qısamüddətli təzyiqlərdən gedir. Məqsəd NATO və Avropa İttifaqı ölkələrini qorxutmaqla Ukraynaya yardımların dayandırılmasına nail olmaqdır”.
N.Miri hesab edir ki, NATO və Avropa İttifaqının aparıcı ölkələrinin mövqeyi belə təzyiqlər qarşısında geri çəkilmənin baş verməyəcəyini göstərir:
“Ukraynanın müdafiəsi dolayısı ilə NATO-nun və Avropa İttifaqının müdafiəsi deməkdir. Bu gün Ukraynada məğlubiyyət sabah həmin müharibənin Avropanın göbəyində baş verməsi anlamına gələ bilər. Ona görə də Avropa ölkələri Ukraynaya yardım etməklə Rusiyanın Ukrayna cəbhəsində zərərsizləşdirilməsinə çalışırlar. Rusiyanın bu siyasətinin ciddi effekt verəcəyini söyləmək çətindir. Bütün bu təxribatlar NATO və Avropa İttifaqının Ukraynaya yardımlarının dayandırılması məqsədi daşıyır”.
Estoniyanın atdığı addımlara münasibət bildirən N.Miri bunun Rusiyanın xoşuna gəlməyəcəyini, lakin Moskvanın buna qarşı imkanlarının məhdud olduğunu söyləyib:
“Estoniyanın bu addımı həm Estoniyanın, həm də bütövlükdə NATO-nun müharibəyə hazır olduğu anlamına gəlir. Ancaq buna qarşı edilə biləcək ciddi bir məsələ yoxdur. Çünki hər bir ölkənin özünü müdafiə etmək hüququ var. Üstəlik, Baltikyanı ölkələr NATO üzvüdür. Bu ölkələrdən birinə hərbi müdaxilə NATO-nun kollektiv müdafiə mexanizmini işə sala bilər. NATO-nun 5-ci maddəsinə əsasən, bir üzvə qarşı silahlı hücum bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilir”.
Politoloq bu vəziyyətin yalnız Estoniyaya aid olmadığını, Latviya və Litvanın da eyni təhlükəsizlik müstəvisində olduğunu vurğulayıb. O, Litvanın Kalininqrad istiqamətindəki mövqeyinin də Rusiya ilə münasibətlərdə əlavə gərginlik yarada biləcəyini də qeyd edib:
“Perspektivdə Kalininqradın tamamilə blokadaya alınması və ya NATO tərəfindən Kalininqrad istiqamətində hər hansı hücumun baş verməsi ilə bağlı ssenarilər Rusiyanın sərt reaksiyasına səbəb ola bilər. Rusiya rəhbərliyi Kalininqradın təhlükəsizliyi ilə bağlı nüvə silahından istifadə ehtimalı barədə NATO-nu təhdid edib”.
İradə Elsevər






