Almaniyada türk qadın və əri saxlanıldı - Milyonlarla vəsait mənimənilib

Almaniyada türk qadın və əri saxlanıldı - Milyonlarla vəsait mənimənilib
Kateqoriya məlum deyil
T

Almaniyada səhiyyə sektorunda saxta hesab-faktura əməliyyatları ilə bağlı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində türk qadın və əri saxlanılıb. Səlahiyyətli orqanlar ümumilikdə 5,9 milyon avro dəyərində əmlaka həbs qoyub.

Sfera.az xəbər verir ki, "Wuppertal" Prokurorluğunun rəhbərliyi ilə aparılan istintaq çərçivəsində Şimali Reyn-Vestfaliya və Hessen əyalətlərində 31 yaşayış və iş obyektində axtarış keçirilib.

İstintaqın mərkəzində reanimasiya xəstələrinə evdə tibbi xidmət göstərdiyi bildirilən bir müəssisə dayanır. Prokurorluq bəzi xəstələrə lazımi ixtisasa malik olmayan şəxslərin xidmət göstərdiyindən, həmçinin göstərilməyən və ya tələblərə cavab verməyən xidmətlərə görə tibbi sığorta qurumlarına hesablar təqdim edildiyindən şübhələnib.

Alman mətbuatının məlumatına görə, iş üzrə əsas şübhəlilər arasında 39 yaşlı Zeynep C. və onun 44 yaşlı əri yer alır. Cütlüyün əməliyyatdan sonra həbs olunduğu bildirilib.

İstintaqın təxminən 11 milyon avroluq şübhəli hesablaşmaları əhatə etdiyi qeyd olunub.

Əməliyyat zamanı ümumi dəyəri 5,9 milyon avro olan əmlaka həbs qoyulub. Müsadirə edilənlər arasında "Maybach", "Mercedes-AMG" və "Lamborghini" markalı avtomobillər, təxminən 51 min avro nağd pul, 10 min avro dəyərində qızıl, 265 min avro dəyərində zinət əşyaları, 16 min avro dəyərində lüks çantalar və təxminən 140 min avro dəyərində saatlar olub.

Bundan əlavə, şübhəlilərin daşınmaz əmlakına ümumilikdə 3,3 milyon avro məbləğində təminat ipotekası qoyulub.

Polis Mettmann şəhərində əsas şübhəlilərin yaşadığı ünvanda axtarış zamanı odlu silah və sursatla yanaşı, marixuana və anabolik steroidlər də aşkarlandığını açıqlayıb. İstintaq davam edir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR