Hörmüzdə karqo gəmisinə hücum edildi - İki nəfər öldü

Hörmüz boğazında hərəkətdə olan yük gəmisi hədəfə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə İngiltərə Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik mənbələrinə əsasən, Hörmüz boğazından keçən yük gəmisinə naməlum mənbədən atılan sursat dəyib. Hadisə nəticəsində gəminin iki heyət üzvünün öldüyü və ya yaralandığı qeyd olunub.
Məlumata görə, zərbədən sonra gəmidə yanğın baş verib və gəmi nəzarətsiz şəkildə sürüklənməyə başlayıb. Heyət üzvlərinin təxliyə edildiyi bildirilib.
UKMTO hazırda bölgədə hər hansı ekoloji çirklənmə barədə məlumat daxil olmadığını açıqlayıb. Bölgədə hərəkət edən digər gəmilərə ehtiyatlı olmaları və şübhəli vəziyyətlərlə bağlı UKMTO-ya məlumat vermələri tövsiyə edilib.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Qeyd edək ki, İran daha əvvəl Hörmüz boğazından “icazəsiz keçən” gəmiləri hədəfə alacağını açıqlayıb.
Bəsti Rəfizadə






