Şimali Koreya yeni silah sistemini təqdim etdi

Şimali Koreya ötən həftəsonu sınaqdan keçirdiyi raketlərin “böyük əhəmiyyətə malik” yeni silah sisteminə aid olduğunu açıqlayıb. Pxenyan bu sistemin ölkənin düşmənləri üçün ciddi problem yaradacağını bildirib.
Sfera.az xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, ölkə lideri Kim Çen In bazar günü qızı ilə birlikdə izlədiyi raket sınaqları ilə bağlı açıqlama verib.
Kim Çen In bildirib ki, yeni silah sisteminin hazırlanması Şimali Koreyanın müharibəyə hazırlığını gücləndirəcək və düşmənlərinə “əlacı olmayan baş ağrısı” yaşadacaq. Ölkə ordusunun ötən həftəsonu sınaqdan keçirdiyi raketlərin “böyük əhəmiyyətə malik” yeni silah sisteminə aid olduğunu deyən Kim Çen In sistemin texniki xüsusiyyətləri barədə ətraflı məlumat verməyib.
KCNA-nın bazar günü keçirilən sınaqlarla bağlı yayımladığı görüntülərdə iki raketin buraxılış qurğularından atıldığı görünür. Ekranda nümayiş etdirilən qrafiklərdə xəritə üzərində raketin uçuş trayektoriyası ilə yanaşı, saatda təxminən 7 725 kilometr sürət, 35,8 kilometr uçuş hündürlüyü və 908,2 kilometr məsafə göstəriciləri əks olunub. Şimali Koreyanın açıqladığı uçuş məsafəsi Cənubi Koreya ordusunun müəyyən etdiyi məsafəni üstələyib.
Cənubi Koreya Baş Qərargahının məlumatına görə, raketlər dəniz istiqamətində təxminən 450 və 600 kilometr məsafə qət edib.
Yaponiya ordusu isə raketlərin ölkənin müstəsna iqtisadi zonasından kənarda yerləşən sularda düşdüyünü bildirib.
İradə Elsevər






