ABŞ-İran davası daha qanlı fazaya keçir? – İki ay sonra...

ABŞ-İran davası daha qanlı fazaya keçir? – İki ay sonra...
Kateqoriya məlum deyil
T

“ABŞ-İran münaqişəsi bir neçə aydan sonra tamamilə yeni bir mərhələyə qədəm qoyacaq”. Bunu vitse-prezidenti Jeyms Devid Vens "The New York Post" (NYP) qəzetinə müsahibəsində bildirib.

O, müharibənin Konqresə aralıq seçkilərdən “dərhal sonra” bitəcəyi fikri ilə razılaşıb. Bunu prezidenti Donald Tramp əvvəllər bəyan etmişdi.

“Gələcəyi proqnozlaşdıra bilmərik, amma düşünürəm ki, prezidentin münaqişənin bir neçə aydan sonra tamamilə yeni bir mərhələyə qədəm qoyacağını söyləməkdə haqlı olduğunu düşünürəm”, - deyə vitse-prezident qeyd edib. Onun sözlərinə görə, münaqişələrin nə vaxt bitəcəyini baş komandan kimi prezident müəyyən edir.

Vens hesab edir ki, əməliyyatın birinci mərhələsi - İranın nüvə proqramının və güc nümayiş etdirmək qabiliyyətinin məhv edilməsi artıq başa çatıb. O, Tehranın Hörmüz boğazına nəzarəti itirməyə davam edəcəyinə əminlik verib. Onu da əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin minalardan təmizlənməsi və tankerlərin gizli müşayiəti sayəsində boğazdan gəmilərin hərəkəti normal səviyyənin 50 faizdən çoxuna bərpa olunub.

Bəs növbəti mərhələdə nələr gözlənilir və o, nə qədər çəkə bilər?

Siyasi şərhçi Heydər Oğuzun Musavat.com-a deyib ki, Yaxın Şərqdə cərəyan edən proseslər, xüsusən də ABŞ və İran qarşıdurması fonunda gündəmə gələn "birinci mərhələ" və "ikinci mərhələ" kimi ifadələr əslində şərti və nisbi anlayışlar xarakteri daşıyır: "Bu terminologiyanın pərdəarxası məqamlarına diqqət yetirdikdə bəlli olur ki, Birləşmiş Ştatlar rəhbərliyi hazırda nəyin bahasına olursa-olsun hərbi əməliyyatlara ara vermək, ən azı qarşıdan gələn aralıq seçim və ya konqres seçkilərinə qədər münaqişəni dondurmaq niyyətindədir.

Bunun ən başlıca səbəbi isə birbaşa iqtisadi və daxili siyasi amillərlə bağlıdır. Regionda hərbi gərginliyin artması və toqquşmaların şiddətlənməsi dünya bazarında neftin qiymətinin kəskin şəkildə yüksəlməsinə gətirib çıxarır. Neftin bahalaşması isə ABŞ daxilində inflyasiyanı tetikləyir ki, bu da Donald Tramp administrasiyası və hakim Respublikaçılar Partiyası üçün seçkilər ərəfəsində olduqca ciddi, hətta kritik bir təhlükə formalaşdırır. Hərbi eskalasiyanın davam etməsi şəraitində hakim partiyanın seçkiləri tamamilə uduzmaq riski maksimum həddə çatır. Bu səbəbdən Vaşinqton strategiyasını elə qurur ki, əvvəlcə daxili auditoriyada və iqtisadiyyatda müəyyən rahatlıq yaratmaqla seçicilərin dəstəyini qazansın. Seçkilərdən sonra isə qarşıda duran rahat ikiillik hakimiyyət müddətində İran məsələsini birdəfəlik və köklü şəkildə həll etməyə çalışacaqlar. Əgər bu problem həll edilməzsə, Respublikaçıların gələcəkdə hakimiyyət iddiasını sürdürmək və ya yenidən hakimiyyətə gəlmək imkanları demək olar ki, sıfıra enəcək.

Münaqişənin "ikinci mərhələsi" adlandırılan dövrə gəlincə, bu proses daha çox Yəməndəki husiçilərə qarşı aparılacaq ciddi və genişmiqyaslı mübarizəni özündə ehtiva edir. Seçkilər başa çatdıqdan sonra Yəmən cəbhəsində çox amansız və kəskin hərbi-siyasi addımların atılacağı gözlənilir. Bu xüsusda iki əsas inkişaf ssenarisi ön plana çıxır:

Birinci ssenariyə əsasən, "Ənsəralah" tşkilatına, yəni husilçiərlə diplomatik və ya siyasi müstəvidə müəyyən razılaşmalar əldə etmək, Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə onları tamamilə zərərsizləşdirərək İranın təsir dairəsindən çıxarmaq planlaşdırılır. İkinci ssenari isə zərərsizləşdirmənin sırf hərbi yolla, husiçilərin hərbi infrastrukturunu və gücünü tamamilə sıradan çıxarmaqla həyata keçirilməsidir.

Maraqlı məqam burasındadır ki, husiçilərə karşı aparılacaq bu mübarizədə nə ABŞ-ın, nə də Avropa dövlətlərinin canlı qüvvə və ordusunun birbaşa qurudan müdaxiləsinə ehtiyac duyulmur. Vaşinqton bu missiyanı daha çox Körfəz ölkələrinin alyansı hesabına həyata keçirməyi hədəfləyir. Hətta bu prosesə regionda ciddi hərbi və siyasi çəkisi olan Türkiyənin, eləcə də Pakistanın dəstəyinin cəlb edilməsi də istisna olunmur. Region ölkələrinin birgə təzyiqi və dəstəyi ilə husiçilərin bölgədəki hərbi varlığına son qoyula bilər.

Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, husiçilərin Tehrana tam və gözübağlı şəkildə bağlı olduğunu düşünmək yanlışdır. Onların bu müharibəyə qoşulmaqda öz lokal və geostrateji maraqları var. Husilərin əsas məqsədi beynəlxalq aləm tərəfindən Yəmənin gerçək və qanuni sahibləri kimi tanınmaqdır. Dini-ideoloji baxımdan zeydi təriqətinə mənsub olan husiçilərin əqidəsi əslində Səudiyyə Ərəbistanının təmsil etdiyi sünni düşüncəsinə tam zidd deyil, əksinə, şiəliklə sünnilik arasında bir növ aralıq və mötədil mövqe təşkil edir. Bu ideoloji yaxınlıq və siyasi konyunktura husiçilərin Səudiyyə Ərəbistanı ilə dil taparaq İrandan uzaqlaşması və Vaşinqton-Ər-Riyad xəttinə inteqrasiya olunması ehtimalını daha da gücləndirir.

Nəticə etibarilə, növbəti mərhələdə əsas qarşıdurma poliqonu Bəl əl-Məndəb boğazı və Qırmızı dəniz hövzəsi olacaq. Vaşinqton və onun regional müttəfiqləri husiçiləri ya siyasi bazarlıqlar yolu ilə öz tərəflərinə çəkib İranın əlindən alacaq, ya da genişmiqyaslı koalisiya zərbələri ilə onları tamamilə zərərsizləşdirəcəklər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR