Tramp və Putinin “qələbə hesabı” baş tutmadı

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin böyük məqsədlərlə başladıqları müharibələrdə gözlədikləri nəticəni ala bilmədikləri deyilir. “The Washington Post” qəzetinin yazarı Maks Bootun təhlilinə görə, hər iki lider üçün müharibədən çıxış yolu öz istəklərindən bir az geri çəkilərək yenidən diplomatiya masasına qayıtmaqdan ibarətdir.
Sfera.az xəbər verir ki, Maks Boot yazısında Putinin Ukrayna ordusunun, Trampın isə İran ordusunun güclü qüvvələr qarşısında cəmi bir neçə günə geri çəkiləcəyini düşündüklərini qeyd edib.
Onun fikrincə, Rusiya və ABŞ son aylarda döyüş meydanında bəzi üstünlüklər qazansalar da, bu irəliləyişlər müharibələrin gedişatını köklü şəkildə dəyişəcək gücdə deyil.
Rusiya Ukraynanın zəifləyən hava hücumundan müdafiə imkanlarından istifadə edərək raket və dron hücumlarını artırıb. Buna baxmayaraq, rus ordusu quruda istədiyi kimi irəli gedə bilməyib. Ukrayna isə Rusiyanın enerji obyektlərinə zərbələr endirməklə ölkədə yanacaq təminatı ilə bağlı problemlər yaradıb.İranla bağlı vəziyyətdə isə ABŞ-nin iqtisadi təzyiqləri ölkədə ciddi bahalaşmaya (inflyasiyaya) səbəb olub. Buna baxmayaraq, İranın ABŞ hərbi bazalarına etdiyi hücumlar və husi qruplaşmasının Babülməndəb boğazındakı fəaliyyəti Vaşinqtonun hərbi gücünün gözlənilən nəticəni verməsinə mane olub.
Maks Boot vurğulayıb ki, Putin Donbasın hamısını ələ keçirmək tələbindən əl çəkərək cəbhə xəttində atəşkəsə razı olmalı, Tramp isə İranı iqtisadi sıxıntılarla tam təslim etməyə yönəlmiş siyasətini dəyişməlidir. Onun fikrincə, hər iki tərəfin müəyyən güzəştlərə getməsi, uzanan müharibədən daha az itki ilə çıxmağa kömək edə bilər.
ABŞ Pentaqonunun İran müharibəsi ilə bağlı hazırladığı ilk rəsmi hesabatda isə qeyd olunub ki, 28 fevral – 30 iyun tarixləri arasında hərbi əməliyyatlara 33,4 milyard dollar xərclənib. Bu pulun 22,3 milyard dolları sırf istifadə olunan sursatlara (raket, mərmi və s.) sərf edilib. Hesabatda bu qədər çox silah işlədilməsinin ABŞ-nin strateji anbarlarında ciddi boşluq yaratdığı və Pentaqonun bu əskikliyi düzəltmək üçün yeni silah istehsalını sürətləndirməyə çalışdığı bildirilib.
Digər tərəfdən, Trampın Rusiya və Ukraynanın enerji obyektlərinə hücumları dayandırmaq barədə ortaq razılığa gəldiyini elan etməsindən sonra da qarşılıqlı zərbələr dayanmayıb. Rusiya ordusu Ukraynanın Odessa limanındakı gəmiləri hədəf alıb, Ukrayna dronları isə Rusiyanın Samara bölgəsində yerləşən “Sızran” neft emalı zavodunu vurub. Hər iki tərəf atəşkəsin pozulmasında bir-birini günahlandırıb.
İradə Elsevər






