Zelenski Putinə inanmır: "Rusiya razılaşmaya əməl etməyəcək"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiyanın qarşılıqlı olaraq enerji obyektlərini hədəfə almamaq barədə razılığa gəldikləri ilə bağlı açıqlamasına münasibət bildirib.
Sfera.az xəbər verir ki, Zelenski Rusiyanın hər hansı razılaşmaya əməl edəcəyinə əmin olmadıqlarını deyib.
Ukrayna Prezidenti sosial media hesabında paylaşım edərək bildirib ki, Kiyev tərəfdaşlarına Rusiya ilə kritik infrastrukturun məhv edilməsinin dayandırılmasını nəzərdə tutan razılaşmanın əldə olunmasını təklif edib:
“İnsanların həyatını təmin etmək üçün zəruri olan ərzaq, enerji və digər əsas ehtiyaclar qorunmalıdır. Lakin Rusiyanın hücumları ilk növbədə məhz bu sahələrə yönəlir. Ukraynanın enerji obyektləri, liman infrastrukturu, logistika mərkəzləri, hətta ərzaq və dərman anbarları hər gün hədəfə alınır”.
Zelenskinin sözlərinə görə, Kiyev üçün əsas məsələ kritik infrastrukturun qorunması və mülki əhalinin həyatı üçün vacib olan obyektlərə hücumların dayandırılmasıdır.
İradə Elsevər






