Blokada İrandan Çinə neft satışını azaldıb

Çinli alıcıların asanlıqla əldə edə biləcəyi İran neftinin tədarükünün ABŞ-nin İrana qarşı blokadası səbəbindən sürətlə azaldığı bildirilir.
Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, Çinə göndərilən İran neftinin həcmi 40 milyon barrelə qədər azalıb.
Hazırda Fars körfəzində ən azı 41 milyon barrel neft və 22 boş tanker qalıb. Analitiklər bunun təkcə Tehrana deyil, həm də xam neftin əsas müştəriləri olan Çinin müstəqil neft emalı zavodlarına zərbə olduğunu bildirirlər.
Məlumata əsasən, vəziyyət dəyişməsə, alıcılar sentyabr ayının sonunda İrandan neft tapa bilməyəcəklər.
Yaranmış vəziyyət qiymətlərə də təsir göstərməyə başlayıb. Bu həftə İranın yüngül dərəcəli nefti üçün təkliflər "Brent" qiymətindən 3,5 dollardan çox artıb.
ABŞ Tehrana qarşı iqtisadi tədbirləri daha da artırmağa hazırlaşır. Maliyyə naziri Skott Bessent bildirib ki, İran dünya tarixində ən böyük əlaqələndirilmiş iqtisadi təcrid ilə üzləşəcək. Təfərrüatlar hələ açıqlanmasa da, qeyd olunur ki, İran neftini qəbul edən Çin limanları və ya neft emalı zavodları hədəfə alına bilər və bu da Vaşinqtonla Pekin arasında gərginliyi daha da artıracaq.
Vasif




