Putin Yaponiyanı əsəbiləşdirdi: Səfir XİN-ə çağrıldı

Yaponiya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərinə etiraz olaraq Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevi nazirliyə çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Tokionun etirazına səbəb Putinin Yaponiyanın da ərazi iddiası irəli sürdüyü Cənubi Kuril adalarından biri olan İturupa səfəri olub. Putin adada balıq emalı müəssisəsinə baş çəkib, yerli sakinlərlə görüşüb.
Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi Rusiyaya “qətiyyətli etiraz” bildirərək Tokionun mövqeyini təkrarlayıb. Yaponiya Cənubi Kuril adalarını, o cümlədən İturupu “Şimal əraziləri” adlandırır və onların tarixi və hüquqi baxımdan Yaponiyaya məxsus olduğunu bildirir.
Baş nazir Sanae Takaiçi də Putinin səfərini “qətiyyən qəbuledilməz” adlandırıb.
Rusiya səfirliyindən isə TASS-a bildirilib ki, məsələ ilə bağlı rəsmi açıqlama daha sonra yayımlanacaq./APA






