Ukraynaya görə bu ölkə “iki yerə parçalandı”

Ukrayna məsələsi İtaliyada keçiriləcək növbəti parlament seçkilərinin nəticələrinə təsir göstərə biləcək əsas amillərdən birinə çevrilib.
Sfera.az xəbər verir ki, xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.
Nəşrin yazdığına görə, Kiyevə hərbi yardımın davam etdirilməsi məsələsi həm sol, həm də sağ siyasi düşərgələr arasında fikir ayrılıqlarını daha da dərinləşdirir:
“Yeni mübahisəyə İtaliyanın sabiq baş naziri və sol yönümlü “5 Ulduz Hərəkatı”nın lideri Cüzeppe Kontenin açıqlamaları səbəb olub. O, jurnalistlərə müsahibəsində Ukraynaya silah tədarükünün davam etdirilməsinin zəruriliyini şübhə altına alıb. Kontenin sözlərinə görə, partiyası əvvəlcə Ukraynaya hərbi yardımı dəstəkləyirdi, çünki Rusiya ilə müqayisədə açıq hərbi balanssızlıq mövcud idi, lakin indi onun fikrincə vəziyyət dəyişib.
"5 Ulduz Hərəkatı" bundan sonra da Ukraynaya yeni hərbi yardım paketləri üzrə səsvermələrdə bitərəf qalmağı planlaşdırır və eyni zamanda münaqişənin danışıqlar yolu ilə həllinə keçidin tərəfdarı olduğunu bildirir. Kontenin təklifinə əsasən, sol-mərkəzçi blokun bu məsələdə yekun mövqeyi daxili praymerizdə müəyyən edilməli, seçicilər isə koalisiyanın gələcək liderini seçməlidirlər.
Kontenin sözlərinə görə, əsas məqsəd Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə aparılacaq danışıqlar vasitəsilə müharibənin dayandırılmasına dair razılığın əldə olunması olmalıdır. Bununla yanaşı, o, müdafiə xərclərinin artırılmasına da qarşı çıxır. Halbuki bu addım Baş nazir Corciya Meloninin NATO-nun yeni hədəfləri çərçivəsində üzərinə götürdüyü əsas öhdəliklərdən biridir.
Lakin Kontenin bu təklifi sol-mərkəzçi düşərgədə dərhal narazılıq yaradıb. Koalisiyaya rəhbərlik uğrunda Kontenin əsas rəqiblərindən biri hesab olunan Demokrat Partiyasının lideri Elli Şlayn Ukrayna ilə bağlı siyasətin praymeriz vasitəsilə müəyyən edilməsi ideyasını rədd edib”.
“Bu, belə işləmir. Əvvəlcə bütün alyansın razılaşdırdığı ümumi proqram olmalıdır, yalnız bundan sonra praymeriz keçirilə bilər. Çünki praymerizdə qalib gələn şəxs yalnız öz partiyasına deyil, bütün koalisiyaya rəhbərlik etməlidir”, – deyə Şlayn bildirib./axar






