Çinin Ay planı – Hədəf 2030-cu il
Çin 2030-cu ilə qədər ilk astronavtlarını Aya göndərməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə Çinin Ayın tədqiqi proqramının baş konstruktoru Van Syan Pekində keçirilən VII Pilotlu Kosmik Proqram Simpoziumunda məlumat verib.
Mühəndisin sözlərinə görə, əvvəlcə iki “Çançjen-10” daşıyıcı raketi vasitəsilə “Lanyue” adlı Ay eniş modulu və “Mençjou” pilotlu kosmik gəmisi orbitə çıxarılacaq. Aparatlar Ay orbitində bir-biri ilə birləşəcək. Daha sonra astronavtlar eniş moduluna keçərək Ayın səthinə enəcəklər.
Ekipaj üç nəfərdən ibarət olacaq, lakin onlardan yalnız ikisi Ayın səthinə enəcək. Onların əsas vəzifəsi elmi tədqiqatlar aparmaq olacaq. Missiya başa çatdıqdan sonra astronavtlar yenidən pilotlu kosmik gəmiyə qayıdaraq Yerə doğru yola düşəcəklər.
Çin bu missiyaya hazırlıq çərçivəsində Ay orbitində üç pilotsuz texnologiya sınağı keçirəcək. Bundan sonra pilotlu eniş həyata keçiriləcək. Bütün raket buraxılışlarının ölkənin cənubundakı Haynan adasında yerləşən Vençan kosmodromundan reallaşdırılması planlaşdırılır.
Van Syan bildirib ki, Çin hazırda ilk astronavtlarını Aya endirmək üçün zəruri texniki imkanlara və infrastruktura malikdir. O, gələcək Ay tədqiqatlarında əvvəlcə bilik və təcrübənin toplanmasının, yalnız bundan sonra resurslardan istifadəyə keçilməsinin vacibliyini vurğulayıb.






