ABŞ yeni silahlara əl atır: Bu, müharibə anonsudur?

ABŞ yeni silahlara əl atır: Bu, müharibə anonsudur?
Kateqoriya məlum deyil
T

ABŞ-nin İranla son hərbi qarşıdurma zamanı ən müasir hava hücumundan müdafiə sistemlərindən biri olan THAAD üçün nəzərdə tutulan raket ehtiyatlarının təxminən 80 faizini, "Patriot" zenit-raket komplekslərinin raketlərinin isə yarısını istifadə etməsi Vaşinqtonun hərbi hazırlığı ilə bağlı yeni suallar yaradıb.

CNN-in yaydığı məlumatda Pentaqonun döyüş sursatı ehtiyatlarının təhlükəli həddə qədər azaldığına dair xəbərdarlıq etdiyi bildirilir.

ABŞ-nin THAAD və "Patriot" raket ehtiyatlarının əhəmiyyətli hissəsini istifadə etməsi nə dərəcədə ciddi vəziyyətdir? Bu, ABŞ-nin digər mümkün münaqişələrə hazırlığına və hərbi gücünə necə təsir edə bilər?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin THAAD və “Patriot” raket ehtiyatlarının bu həcmdə azalması Vaşinqton üçün ciddi strateji siqnaldır. Onun sözlərinə görə, THAAD və Patriot sistemləri təkcə Yaxın Şərqdə deyil, həm də ABŞ-nin Sakit okean regionunda, Avropada və müttəfiqlərinin müdafiəsində əsas hava və raketdən müdafiə vasitələri hesab olunur:

“Bu ehtiyatların böyük hissəsinin qısa müddətdə istifadə edilməsi ABŞ-nin eyni vaxtda bir neçə böhran ocağında yüksək intensivlikli əməliyyat aparmaq imkanlarını məhdudlaşdıra bilər. Xüsusilə Çin ətrafında mümkün gərginlik, Şimali Koreya təhlükəsi və ya NATO məkanında yeni eskalasiya yaranacağı halda sursat ehtiyatlarının kifayət edib-etməyəcəyi ilə bağlı narahatlıqlar artır. ABŞ rəsmiləri ordunun döyüş qabiliyyətinin qorunduğunu bildirsələr də, Pentaqonun ehtiyatların azalması ilə bağlı daxili narahatlıqları və müdafiə sənayesində istehsalın sürətləndirilməsi istiqamətində atılan addımlar problemin real olduğunu göstərir”.

Politoloq qeyd edib ki, bununla belə, bu vəziyyət ABŞ-nin hərbi üstünlüyünü itirməsi anlamına gəlmir:

“ABŞ dünyanın ən böyük müdafiə sənayesi və istehsal potensialına malik dövlətdir, lakin THAAD və Patriot kimi mürəkkəb raketlərin istehsalı aylarla, bəzi hallarda isə illərlə vaxt tələb edir. Məhz buna görə Vaşinqton artıq istehsal güclərinin artırılması və yeni uzunmüddətli müqavilələrin bağlanması istiqamətində addımlar atır. Qısa perspektivdə isə ABŞ ehtiyatlardan daha qənaətlə istifadə etməyə, müttəfiqlər arasında yükü bölüşdürməyə və diplomatik həll yollarına daha çox üstünlük verməyə çalışa bilər. Bu amil Yaxın Şərqdə eskalasiyanın qarşısının alınmasına marağı artırsa da, eyni zamanda rəqib dövlətlərin ABŞ-nin sursat ehtiyatlarını və istehsal tempini daha diqqətlə izləməsinə səbəb olacaq və qlobal təhlükəsizlik balansında hərbi-logistika faktorunun əhəmiyyətini daha da artıracaq”.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR