Qadınlar üçün ən təhlükəli ölkələr hansılardır? - STATİSTİKA

Dünyada qadınlara qarşı cinsi zorakılıq və təcavüz halları milyonlarla insanın həyatına təsir edən ən ciddi problemlərdən biridir.
Bununla belə, beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, "ən çox təcavüz baş verən ölkələr" siyahısını hazırlamaq elmi baxımdan doğru deyil. Səbəb isə odur ki, ölkələr arasında cinayətin hüquqi tərifi, qeydiyyat sistemi və polisə müraciət səviyyəsi kəskin fərqlənir. Buna görə rəsmi statistika real vəziyyəti tam əks etdirməsə də, bunu araşdırmağa çalışdıq.
Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2025-ci ildə açıqladığı hesabata əsasən, dünyada 840 milyon qadın, yəni hər 3 qadından biri (31,6%) həyatında ən azı bir dəfə fiziki və ya cinsi zorakılığa məruz qalıb. Təkcə son bir il ərzində isə 316 milyon qadın (15 yaşdan yuxarı qadınların 11 faizi) intim partnyoru tərəfindən fiziki və ya cinsi zorakılıqla üzləşib. Bundan əlavə, 263 milyon qadın 15 yaşından sonra partnyoru olmayan şəxs tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) məlumat bazasına əsasən, hər 100 min nəfərə düşən qeydə alınmış təcavüz hadisələrinin sayına görə ilk sıralarda aşağıdakı ölkələr qərarlaşıb:
Ölkə Hər 100 min nəfərə düşən təcavüz hadisəsi Botsvana 92,9 Lesoto 82,7 Cənubi Afrika Respublikası 72,1 Bermud 67,3 İsveç 63,5 Surinam 45,2 Kosta Rika 36,7 Nikaraqua 31,6 Qrenada 30,6 Avstraliya 28,6 Belçika 27,9 ABŞ 27,3 Böyük Britaniya 27,3
Ekspertlər bildirirlər ki, bu rəqəmlər həmin ölkələrdə təcavüzün mütləq daha çox baş verdiyini göstərmir. Əksinə, inkişaf etmiş ölkələrdə qadınların polisə müraciət etməsi daha geniş yayılıb və hüquqi təriflər daha əhatəlidir. Bir çox dövlətlərdə isə hadisələrin böyük hissəsi ümumiyyətlə qeydə alınmır. ÜST-ün hesablamalarına görə, intim partnyor zorakılığının son 12 ay üzrə yayılması regionlar arasında ciddi fərqlənir:
• Okeaniya (Avstraliya və Yeni Zelandiya istisna olmaqla) -38%
• Mərkəzi və Cənubi Asiya -18% • Ən az inkişaf etmiş ölkələr -18%
• Saxaradan cənubdakı Afrika -17% • Şimali Afrika və Qərbi Asiya -14%
• Avropa və Şimali Amerika -5%
BMT-nin məlumatına görə, qadınlar üçün ən təhlükəli ölkələr sırasında müharibə və humanitar böhran yaşayan Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Somali, Haiti və Mərkəzi Afrika Respublikası xüsusi yer tutur. Təkcə 2024-cü ildə dünyada münaqişələrlə bağlı qeydə alınan cinsi zorakılıq halları 25 faiz artıb, 4 600-dən çox zərərçəkən rəsmi şəkildə qeydə alınıb. BMT bunun real rəqəmlərdən xeyli aşağı olduğunu vurğulayır.
Mütəxəssislər hesab edirlər ki, qadınların təhlükəsizliyini qiymətləndirərkən yalnız təcavüz statistikalarına deyil, həm də məişət zorakılığı, qadın qətlləri (femisid), insan alveri, qanunvericiliyin effektivliyi və hüquq-mühafizə orqanlarına etimad kimi göstəricilər nəzərə alınmalıdır. Bu səbəbdən BMT və ÜST ölkələrin sadəcə rəsmi təcavüz statistikasına əsasən müqayisəsini doğru hesab etmir.
Firuzə Əliyeva







