Avropa meşə yanğınlarına qarşı mübarizəyə 3 milyard avrodan çox xərcləyib

Avropa meşə yanğınlarına qarşı mübarizəyə 3 milyard avrodan çox xərcləyib
Kateqoriya məlum deyil
T

2026-cı ildə Fransa, İspaniya və Avropanın digər bölgələrini əhatə edən genişmiqyaslı meşə yanğınları Avropa İttifaqı ölkələrinə 3 milyard avrodan çox başa gəlib.


Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.


Qəzetin yazdığına görə, yanğın mövsümünün ilk iki ayı ərzində təxminən 500 min hektar meşə sahəsi yanaraq məhv olub. Sürix Federal Texnologiya İnstitutunun iqlim iqtisadiyyatı üzrə eksperti Sara Mayer bildirib ki, yanğınlar şəhərlərə çatacağı təqdirdə iqtisadi və sosial zərərin miqyası daha da böyük olacaq.


Nəşrin məlumatına əsasən, təbii fəlakət Fransanın cənub-qərbində yerləşən Jirond departamentində fəaliyyət göstərən hərbi və kosmik sənaye müəssisələrinə də ciddi təsir edib. Yanğınlar nəticəsində təyyarə mühərrikləri istehsal edən "Safran", döyüş təyyarələri istehsalçısı "Dassault Aviation", eləcə də raket istehsalçısı "ArianeGroup" istehsalı müvəqqəti dayandırmağa və əməkdaşlarını təxliyə etməyə məcbur olublar.


Xatırladaq ki, iyunun ikinci yarısından etibarən Avropa güclü isti hava dalğası ilə üzləşib. Qərbi Avropa ölkələrinin bir çoxunda havanın temperaturu 40 dərəcəni ötüb. İyulun 9-da "Copernicus" Avropa Yer Müşahidə Xidməti açıqlayıb ki, ötən iyun ayı Yer səthində orta hava temperaturunun 20,74 dərəcə olması ilə meteoroloji müşahidələr tarixində indiyədək qeydə alınmış ən isti iyun ayı olub.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR