İran ərəb ölkələrini hədələdi – Hansı ölkələr üçün risk var?

İranla Qərb və İsrail arasında gərginliyin yenidən artdığı bir vaxtda Tehrandan region ölkələrinə ünvanlanan sərt mesajlar da intensivləşir.
İranın ali rəhbərliyinə yaxınlığı ilə tanınan "Keyhan" qəzeti bildirib ki, ölkənin enerji infrastrukturuna endiriləcək zərbələr xidmət təminatını müəyyən qədər azalda bilər, lakin onu tam dayandıra bilməz. Nəşr eyni zamanda iddia edir ki, belə bir ssenaridə İran raket potensialından istifadə etməklə qısa müddətdə Fars körfəzi ölkələrində ciddi böhran yarada və regiondakı siyasi proseslərə təsir göstərə bilər. Bu bəyanatlar Tehranın mümkün hərbi cavab ssenarilərinə işarə etməklə yanaşı, ərəb ölkələrinə yönəlmiş açıq xəbərdarlıq kimi də qiymətləndirilir.
Bəs İranın bu təhdidləri nə dərəcədə real hərbi imkanlara əsaslanır? Belə bir ssenari baş verərsə, regionda ən böyük risklə hansı ölkələr üzləşə bilər və bunun Yaxın Şərqin təhlükəsizlik balansına təsiri nə ola bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar bildirib ki, “Keyhan” qəzetində səsləndirilən bu fikirləri İranın birbaşa rəsmi müharibə elanı kimi deyil, çəkindirmə strategiyasının və regional dövlətlərə ünvanlanan siyasi mesajlarının tərkib hissəsi kimi qiymətləndirmək daha doğru olar.

Onun sözlərinə görə, bununla belə, təhdidin arxasında müəyyən real hərbi imkanlar mövcuddur. İranın ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları arsenalı Fars körfəzi ətrafındakı enerji, liman və digər kritik infrastrukturu risk altında saxlayır:
“Belə ssenaridə ən böyük risklə üzləşə biləcək ölkələr ilk növbədə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn və Küveytdir. Xüsusilə Səudiyyə Ərəbistanının neft infrastrukturu, BƏƏ-nin liman və enerji obyektləri, Qətərin maye qaz infrastrukturu strateji əhəmiyyət daşıyır. Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahının yerləşməsi, Qətərdə Əl-Udeyd bazasının mövcudluğu da bu ölkələrin risk profilini artırır. Bununla yanaşı, İranın bu dövlətlərə genişmiqyaslı hücumu rəsmi Tehran üçün son dərəcə ağır nəticələr doğura bilər: bu, ərəb dövlətlərini İran əleyhinə daha sıx birləşdirə və ABŞ-nin mövqeyini daha da genişləndirə bilər”.
Politoloq qeyd edib ki, məhz buna görə “Keyhan”ın ritorikasında hərbi ssenaridən daha çox siyasi çəkindirmə elementi görünür:
“Tehran Körfəz ölkələrinə faktiki olaraq “İrana qarşı əməliyyatlarda iştirak etməyin və ərazilərinizdən istifadə edilməsinə imkan verməyin, əks halda münaqişənin nəticələri sizə də çata bilər” mesajı verir. Buna görə belə bəyanatların əsas məqsədi müharibəni genişləndirməkdən çox, onun genişlənə biləcəyi qorxusundan siyasi təzyiq vasitəsi kimi istifadə etməkdir”.
Firuzə Əliyeva
Sfera.az






