Mamdani: "Netanyahunun yeri Haaqadadır"

Mamdani: "Netanyahunun yeri Haaqadadır"
Kateqoriya məlum deyil
T

Nyu-York meri Zohran Mamdani İsrailin Baş naziri Benyamin Netanyahu barədə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) çıxardığı həbs qərarı ilə bağlı açıqlama verib.


Sfera.az xəbər verir ki, sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə İsrailin Baş nazirini sərt tənqid edən Mamdani onun Fələstin xalqına qarşı hücumlara görə məsuliyyət daşıdığını iddia edib.


“Nəzərimcə, Benyamin Netanyahu müharibə cinayətkarıdır. O, Fələstin xalqına qarşı törədilən dəhşətli soyqırımın memarıdır”, – deyə mer bildirib.


Mamdani qeyd edib ki, şəhər rəhbərliyi Netanyahu Nyu-Yorka gələcəyi təqdirdə BCM-nin həbs qərarının icra olunmasının mümkün olub-olmadığını ətraflı hüquqi baxımdan araşdırıb.


“Netanyahu bura gələrsə, Nyu-York şəhərinin Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarını icra edib-etməyəcəyini müəyyənləşdirmək üçün qüvvədə olan qanunvericilik çərçivəsində bütün hüquqi imkanları nəzərdən keçirdik. Nəticədə aydın oldu ki, şəhər rəhbərliyinin bu qərarı müstəqil şəkildə icra etmək səlahiyyəti yoxdur”, – deyə o vurğulayıb.


Bununla yanaşı, Mamdani ABŞ federal hökumətini Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığa çağırıb. O bildirib ki, Vaşinqton BCM-nin fəaliyyətini dəstəkləməli və məhkəmənin qərarlarının icrasına şərait yaratmalıdır.
“Nə Benyamin Netanyahunun, nə də azad şəkildə hərəkət edən hər hansı müharibə cinayətkarının Nyu-York şəhərində yeri var”, - deyə mer əlavə edib.


Xatırladaq ki, Mamdani ötən həftə də bu məsələ ilə bağlı hüquqi araşdırmalar aparıldığını açıqlamış və “Məncə, Baş nazir Netanyahunun yeri Haaqadadır” ifadəsini işlədib.


Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp daha əvvəl verdiyi açıqlamada Netanyahunun ABŞ ərazisində həbs edilməyəcəyini bildirib.


Qeyd edək ki, ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır və məhkəmənin təsis müqaviləsinə qoşulmayıb. Bu səbəbdən BCM-nin çıxardığı həbs qərarlarının ABŞ ərazisində icrası ilə bağlı hüquqi öhdəlik mövcud deyil.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ