Logo

Qara dənizdə Türkiyə - Rusiya arasında hərbi toqquşma ola bilər – General

Qara dənizdə Türkiyə - Rusiya arasında hərbi toqquşma ola bilər – General
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

NATO-nun Qara dənizdə təhlükəsizlik tədbirlərini gücləndirmək qərarı Türkiyənin regionda artan hərbi fəallıq, Rusiya ilə münasibətlər və mümkün qarşıdurma riskləri fonunda atacağı addımları yenidən gündəmə gətirib. Alyansın hərbi mövcudluğunun genişlənməsi Ankaranın həm NATO qarşısındakı öhdəliklərini yerinə yetirməsini, həm də Qara dənizdə həssas güc balansını qorumasını zəruri edir.

Sfera.az bildirir ki, modern.az-a açıqlamasında türkiyəli general Yücel Karauz bildirib ki, NATO-nun Qara dənizdə təhlükəsizlik tədbirlərini gücləndirməsi mövcud təhdidlər fonunda gözlənilən addımdır. Bununla belə, regionda hərbi mövcudluğun genişləndirilməsi həssas tarazlığın qorunmasını tələb edir:

“Mülki gəmilərə hücumlar, dənizdə üzən minalar və naviqasiya təhlükələri qlobal təchizat zəncirləri üçün birbaşa təhdid yaradır. NATO-nun kəşfiyyat imkanlarını, hava patrullarını, dəniz müşahidəsini, eləcə də havadan erkən xəbərdarlıq sistemlərini gücləndirməsi regionda dəniz təhlükəsizliyini təmin etmək və gərginliyin daha da artmasının qarşısını almaq məqsədi daşıyır. Lakin alyansın dənizdəki hərbi mövcudluğunu, xüsusilə Qara dənizə sahili olmayan üzv dövlətlərin hərbi gəmiləri hesabına həddindən artıq genişləndirməsi Moskva tərəfindən birbaşa təhdid kimi qiymətləndirilə bilər. Bu isə Qara dənizin NATO ilə Rusiya arasında hərbi toqquşma meydanına çevrilməsi riskini artıra bilər”.

General qeyd edib ki, Türkiyə NATO çərçivəsində kollektiv təhlükəsizlik öhdəliklərinin yerinə yetirilməsi ilə regionda sabitliyin qorunması arasında tarazlıq yaratmalıdır. Onun sözlərinə görə, 1936-cı il Montrö Boğazlar Konvensiyası bu məsələdə Ankaranın əsas strateji və hüquqi alətlərindən biridir:

“Türkiyə boğazlar üzərindəki suveren hüquqlarını həyata keçirməklə Qara dənizdə hərbi qeyri-sabitliyin qarşısını almağa xidmət edən hüquqi rejimin qorunmasına töhfə verməlidir. Eyni zamanda, region ölkələrinin təhlükəsizlik məsələlərində aparıcı rolunu nəzərdə tutan regional məsuliyyət prinsipini müdafiə etməlidir. ABŞ və Böyük Britaniya kimi regiondan kənar dövlətlərin hərbi dəniz qüvvələrinin Qara dənizdə genişmiqyaslı iştirakının məhdudlaşdırılması da bu baxımdan əhəmiyyətlidir”.

Yücel Karauz hesab edir ki, Türkiyə regionda təhlükəsizliyin təmin olunması üçün sahilyanı ölkələrin birgə fəaliyyətinə üstünlük verməlidir. O, xüsusilə Türkiyə, Bolqarıstan və Rumıniyanın iştirakı ilə yaradılmış Qara dəniz Minalardan Təmizləmə Əməliyyat Qrupunun rolunu vurğulayıb:

“Ticarət gəmilərinin təhlükəsizliyinin Qara dənizə sahili olan bu üç NATO üzvünün hərbi dəniz qüvvələri vasitəsilə təmin edilməsi Rusiyanın mümkün hərbi narahatlıqlarını minimuma endirə bilər. Ankara NATO-nun regiondakı hərbi iştirakını yalnız hərbi gəmilərin sayını artırmaqla deyil, həm də hava patrulları, pilotsuz uçuş aparatları, radar müşahidəsi və kəşfiyyat məlumatlarının müttəfiqlərlə paylaşılması vasitəsilə gücləndirməyi təklif edə bilər”.

Generalın fikrincə, Qara dənizdə təhlükəsizliyin qorunması üçün Türkiyə ilə Rusiya arasında birbaşa əlaqə kanallarının açıq saxlanılması da vacibdir. Onun sözlərinə görə, Ankara atdığı addımların NATO-nun hərbi genişlənməsinə deyil, beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini diplomatik müstəvidə izah etməlidir.

O, sonda vurğulayıb ki, Türkiyənin Montrö Boğazlar Konvensiyasından irəli gələn hüquqi səlahiyyətləri və regional əməkdaşlıq imkanları Qara dənizdə sabitliyin qorunmasında mühüm rol oynaya bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR