Trampın İranla bağlı çətin sınağı: Manevr imkanları məhdudlaşır

Trampın İranla bağlı çətin sınağı: Manevr imkanları məhdudlaşır
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə gərginliyin yenidən artması Donald Tramp administrasiyasının həm daxili, həm də xarici siyasətdə üzləşdiyi çətinlikləri dərinləşdirə bilər.

Sfera.az xəbər verir ki, “Financial Times” qəzetinin yaydığı məlumata görə, Respublikaçı siyasi strateq Ron Bonjean bildirib ki, Trampın İranla bağlı manevr imkanları getdikcə məhdudlaşır.

Onun sözlərinə görə, münaqişənin qısa müddətdə həll olunacağı gözlənilmir və proses aylarla, hətta illərlə davam edə bilər.

Nəşr qeyd edib ki, Ağ Evin münaqişənin iqtisadi, siyasi və diplomatik nəticələrini necə idarə edəcəyi hələ də aydın deyil.

Vaşinqtonda fəaliyyət göstərən Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin müdafiə strategiyası üzrə eksperti Bekka Vasser isə hesab edir ki, gərginliyi azaltmaq məqsədilə eskalasiyaya üstünlük verilməsi əvvəlki təcrübələrdə uğurlu nəticə verməyib. Onun sözlərinə görə, İrana qarşı uzun müddətdir davam edən iqtisadi təzyiq siyasəti də indiyədək gözlənilən effekti verməyib.

Pentaqonun Körfəz və Ərəbistan yarımadası üzrə keçmiş direktoru Elizabet Dent bildirib ki, hazırda qarşıdurmanın əsas diqqət mərkəzi İranın nüvə və raket proqramları deyil, Hörmüz boğazıdır. O hesab edir ki, regiondakı gərginliyin əsas səbəbi məhz bu strateji keçid məntəqəsi ətrafında cəmləşib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp administrasiyanın yüksək vəzifəli rəsmiləri ilə İranı Vaşinqtonun tələblərini qəbul etməyə məcbur etmək məqsədilə hərbi əməliyyatların genişləndirilməsi imkanlarını müzakirə edib.

ABŞ prezidenti “Fox News”a müsahibəsində də bildirib ki, Tehran danışıqlara razılıq verməyəcəyi təqdirdə, ABŞ İranın körpüləri və elektrik stansiyalarına zərbələr endirməyə hazırdır. Tramp belə əməliyyatların yaxın günlərdə həyata keçirilə biləcəyini də istisna etməyib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ