ABŞ və NATO üçün əsas təhdid kimdir? - ŞƏRH

ABŞ və NATO üçün əsas təhdid kimdir? - ŞƏRH
Kateqoriya məlum deyil
T

"Məni gecələr oyaq saxlayan ən böyük təhlükə Rusiyadır".

Bu sözləri NATO-nun baş katibi Mark Rutte “Anadolu” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Rusiya alyans üçün əsas uzunmüddətli təhdid olaraq qalır və Çin, İran və Şimali Koreya ilə koordinasiyada hərəkət edir.

Ruttenin bu fikirləri ilə Trampın əvvəlki açıqlamaları ziddiyyət təşkil edir. Çünki Tramp daha əvvəl qeyd edib ki, ABŞ və NATO üçün əsas təhdid Rusiya yox, Çindir.

Bu ziddiyyətli açıqlamalardan sonra belə bir sual yaranır: ABŞ və onun müttəfiqləri üçün hansı ölkə daha böyük təhdiddir: Çin, yoxsa Rusiya?

Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlama verib.

O bildirib ki, indiki mərhələdə ABŞ və NATO üçün birbaşa hərbi təhdid məhz Rusiyadır:

“Çünki Rusiya artıq Avropada real müharibə aparır, Ukraynaya qarşı işğalı davam etdirir, NATO-nun şərq cinahına təzyiq göstərir və alyansın rəsmi sənədlərində də ən ciddi və birbaşa təhlükə kimi göstərilir. NATO baş katibinin mövqeyi də məhz buradan doğur. Təhlükə nəzəri deyil, Avropanın sərhədində hərbi formada davam edir”.

Politoloq perspektiv dövrdə ABŞ üçün daha böyük strateji rəqibin Çin olacağını açıqlayıb:

“Çünki Çin təkcə hərbi deyil, həm də iqtisadi, texnoloji, dəniz yolları, süni intellekt, ticarət və qlobal infrastruktur üzərindən ABŞ-nin dünya liderliyinə meydan oxuyur. Ona görə fərq belə qoyulmalıdır ki, Rusiya bu günün hərbi təhlükəsizlik problemidir, Çin isə sabahın qlobal güc balansı problemidir. ABŞ üçün Çin daha böyük uzunmüddətli rəqibdir, NATO-nun Avropa təhlükəsizliyi üçün isə Rusiya hələ də əsas təhlükə olaraq qalır”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ