Qlobal dəyişikliklərin astanasında: G7 və Aİ sammitləri nə vəd edir?

Qlobal dəyişikliklərin astanasında: G7 və Aİ sammitləri nə vəd edir?
Kateqoriya məlum deyil
T

Bu gün Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Brüsseldə görüş keçirirlər. Zirvə toplantısında 27 üzv ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirakı nəzərdə tutulub. Əsas məsələlərdən biri də məhz Ukrayna mövzusunun müzakirəsi olacaq.

Son günlər keçirilən G7 liderlərinin sammiti və bu gün baş tutacaq Aİ liderlərinin görüşü dünyada yeni nizamın formalaşdırılması istiqamətində atılan addım hesab oluna bilərmi? Dünya artıq sülh istəyir?

Məsələ ilə bağlı politoloq Bakir Həsənbəyli Sfera.az-a açıqlama verib.

Onun fikrincə, beynəlxalq arenada keçirilən bu cür yüksək səviyyəli görüşlər qlobal problemlərin həlli istiqamətində mühüm platforma olsa da, mövcud reallıqlar hələlik dünyada sülhə doğru ciddi dönüşün baş verdiyini göstərmir:

“Fransanın sədrliyi ilə keçirilən sammitin əsas mövzularından biri dünya iqtisadiyyatındakı balanssızlıqların aradan qaldırılmasıdır. ABŞ-də həddindən artıq istehlak, Çində yüksək investisiya səviyyəsi və Avropada investisiya çatışmazlığı qlobal ticarət və geosiyasi gərginlikləri artırır. Liderlər xüsusilə kritik və nadir minerallar üzrə təchizat zəncirlərinin təhlükəsizliyi, ehtiyatların formalaşdırılması və iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcəklər. Sammitin digər əsas mövzusu Ukraynadakı müharibədir. Ukrayna Prezidenti Zelenski də tədbirə qatılıb. G7 ölkələri Kiyevə dəstəyin davam etdirilməsi, Ukrayna ilə Rusiya arasında birbaşa danışıqların təşviqi, enerji infrastrukturunun qorunması və təhlükəsizlik zəmanətləri məsələlərini nəzərdən keçirəcəklər. Yaxın Şərqdəki vəziyyət də sammitin gündəliyində mühüm yer tutur. İranla əldə olunduğu açıqlanan atəşkəs razılaşması, Hörmüz boğazının yenidən açılması, Qəzza və Livandakı vəziyyət liderlərin müzakirə edəcəyi əsas mövzulardandır. Aİ ölkələri Avropanın sənaye potensialını gücləndirməyi və qlobal iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlər formalaşdırmağı hədəfləyir. Bununla belə, ABŞ Prezidenti çoxtərəfli əməkdaşlığa özünəməxsus yanaşması və son ticarət təhdidləri fonunda ortaq mövqeyin əldə olunmasının asan olmayacağı da, vurğulanır”.

Ekspert bildirib ki, beynəlxalq sistemdə təsir imkanları mənəvi çağırışlarla deyil, iqtisadi güc, texnoloji müstəqillik, maliyyə imkanları, istehsal potensialı və strateji əməkdaşlıqlar vasitəsilə əldə olunur:

“Bu sammit yüksək səviyyəli diplomatik görüşlər silsiləsi Qərb alyansında dərin böhran və ABŞ ilə Avropa arasında artan fikir ayrılıqları fonunda başladı. Vaşinqton faktiki olaraq ənənəvi müttəfiqlikdən imtina təsviri yaradır. ABŞ Prezidenti administrasiyası NATO çərçivəsində öhdəliklərini və hərbi mövcudluğunu tədricən azaldır. Ağ Evdə Avropalı tərəfdaşlara getdikcə daha çox zəif partnyorlar kimi baxılır. Avropa İttifaqı hazırda siyasi güc hesab olunmur. Qurumun xarici siyasəti 27 üzv ölkə arasındakı daxili fikir ayrılıqları səbəbindən demək olar ki, iflic vəziyyətindədir. Uzunmüddətli silahlanma investisiyaları Ukraynadakı mövcud münaqişəni həll etmək iqtidarında deyil, əksinə iqtisadi inkişaf üçün lazım olan resursları tükəndirir.

Belə vəziyyətdə G7 sammitinin Ukraynaya həsr olunmuş işçi sessiyanın hər hansı əhəmiyyəti olmur. Çünki sülhə dair heç bir işarə hələ ki, yoxdur. Aydın olan odur ki, Ukrayna məsələsi iqtisadi, hərbi və siyasi baxımdan bu yükü daşımağa hazır olmayan Avropanın üzərinə qoyulur. Liderlər çalışırlar ki, Trampın rəğbətini qazanmaq və onun görüşü vaxtından əvvəl tərk etməsinin qarşısını almağa çalışsınlar. Belə bir vəziyyət qlobal sülhün hələ də əldə edilməsini şərtləndirən amil deyil. Dünya hələ ki, bir şəxsin iki dodağı arasından çıxan sözlə idarə olunur. Bu isə yeni dünya düzənində ABŞ-ın dominantlığını göstərir. O, zamn ortaya sual çıxır ki, ABŞ yaxın gələcək üçün sülh istəyirmi? Cavab məlumdur: yox. Çünki dünya düzəni məhz böyük münaqişələrdən sonra formalaşır. Tərəflər müəyyən edildikdən sonra”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ