Sosial media nəzarətə alınır: Avropadan kritik qərar

Sosial media nəzarətə alınır: Avropadan kritik qərar
Kateqoriya məlum deyil
T

Avropa Komissiyası və Amerika Birləşmiş Ştatları sosial media platformalarının asılılıq yaradan mexanizmlərlə işləyib-işləmədiyini araşdırıb. Müzakirələr xüsusilə gənclərin psixoloji sağlamlığı fonunda yenidən alovlanıb.


Sfera.az xəbər verir ki, "Euronews"un yaydığı məlumata görə, Avropa Komissiyası "TikTok" platformasının “asılılıq yaradan” xüsusiyyətlərinin Avropa İttifaqı qanunvericiliyini poza biləcəyi qənaətinə gəlib. Qərar sosial medianın doğrudan da asılılıq yaradıb-yaratmadığı ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.
Komissiya bildirib ki, platformalarda tətbiq edilən sonsuz sürüşdürmə (infinite scroll), avtomatik video oynatma, ani bildirişlər və fərdiləşdirilmiş kontent axını istifadəçilərin həm psixi, həm də fiziki sağlamlığı baxımından risk yarada bilər.


Oxşar iddialar ABŞ-də də araşdırılır. Kaliforniyada açılmış məhkəmə işində "Google" və "Meta" şirkətlərinə qarşı sosial media asılılığı ilə bağlı ittihamlar irəli sürülüb. İddiaçılar, xüsusilə “Instagram” kimi platformaların gənc istifadəçiləri daha uzun müddət ekranda saxlamaq üçün qəsdən dizayn edildiyini bildirirlər.


Mütəxəssislərin fikrincə, sosial media şirkətlərinin əsas göstəricisi istifadəçilərin platformada keçirdiyi vaxtdır. Bu isə birbaşa reklam gəlirlərinə təsir edir.


New York Universitetinin media və kommunikasiya üzrə dosenti Natasha Schull hesab edir ki, sosial media platformaları qumar maşınlarına bənzər mexanizmlə işləyir. Onun sözlərinə görə, gözlənilməz “mükafatlar”, bəyənmə və şərh kimi ani geri bildirişlər istifadəçidə təkrar-təkrar platformaya qayıtmaq istəyi yaradır.


Müzakirələr davam etdiyi bir vaxtda həm ABŞ-də, həm də Avropada sosial media platformalarına nəzarətin daha da sərtləşdirilə biləcəyi istisna edilmir. Ekspertlər hesab edirlər ki, xüsusilə yeniyetmələrin qorunması istiqamətində yeni tənzimləmələr gündəmə gələ bilər.

 

Mənsumə 
Sfera.az

PAYLAŞ