Zelenski niyə sığınacağını göstərdi? - "Başqa niyyəti var"

Zelenski niyə sığınacağını göstərdi? - "Başqa niyyəti var"
Kateqoriya məlum deyil
T
Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq Kiyevin Bankova küçəsində yerləşən Prezident Ofisinin altındakı bunkeri və oradakı iş otağını ictimaiyyətə nümayiş etdirib. Müharibə şəraitində dövlət başçısının gündəlik fəaliyyətini davam etdirdiyi sığınacağın görüntülərinin yayılması dərhal təhlükəsizlik müzakirələrini gündəmə gətirib.
 
Müzakirələr xüsusilə iki məqam üzərində cəmlənib. Belə ki, bunkerin yerinin açıqlanmasının onun potensial hərbi hədəfə çevrilmə ehtimalını artırıb-artırmadığı və müasir texnologiyalar vasitəsilə qarşı tərəfin koordinatları dəqiqləşdirə bilib-bilməyəcəyi.
 
Sfera.az-a bu haqda açıqlama verən hərbi ekspert Anar Şuşalının fikrincə, Bankova hökumət kompleksi müharibənin ilk günlərindən potensial hədəf hesab olunur. Ekspertin sözlərinə əsasən, binanın yerləşməsi gizli deyil və peyk müşahidəsi dövründə koordinatların müəyyən edilməsi ciddi çətinlik yaratmır:

 

 
“Buna görə də görüntülərin yayımlanması obyektin yerini açıqlamaq baxımından əlavə risk sayılmır. Real təhlükə yalnız daxili plan, alternativ çıxışlar və komanda idarəetmə strukturu kimi həssas detallarla bağlı ola bilər. Əgər bu məlumatlar açıqlanmayıbsa, risk minimal qiymətləndirilir. Ümumiyyətlə, müasir müharibədə əsas məsələ konkret binanın özü deyil, rəhbərliyin real vaxtda harada yerləşdiyinin müəyyən edilməsidir. Dövlət başçıları adətən ehtiyat komanda məntəqələrindən və rotasiya prinsiplərindən istifadə etdiklərinə görə bir bunkerin nümayişi hədəfə çevrilmə ehtimalını praktiki olaraq artırmır”.
 
A.Şuşalı Zelenskinin binanı nümayiş etdirməkdə başqa niyyətinin olduğunu vurğulayıb:
 
“Texniki baxımdan koordinatları müəyyən etmək mümkündür, lakin yeraltı bunkerin strukturu və davamlılığını dəqiq analiz etmək xeyli mürəkkəb məsələdir. Belə sığınacaqlar çoxqatlı müdafiə prinsipi ilə qurulduğundan onların sıradan çıxarılması düşündüyündən daha çətin olur. Nəticə etibarilə bunkerin nümayişi daha çox informasiya və psixoloji mesaj xarakteri daşıyır. Zelenskinin siyasi mesajı budur ki, rəhbərlik yerindədir və idarəetmənin davam etdiyi göstərilir. Bu addım hərbi zəiflikdən çox siyasi dayanıqlılıq siqnalı kimi qiymətləndirilə bilər”.
 
Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ